Noyabrın 2-də saat 3 radələrində DİN-in “102” Xidməti Zəng Mərkəzinə Nəsimi rayonu ərazisindəki uşaq bağçalarından birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Məlumat aidiyyəti üzrə ötürülüb və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlərə başlanıb.
Hadisə yerinə gələn polis əməkdaşları pəncərədən içəri daxil olan şəxsin oradakı seyfdən açar seçmək yolu ilə 1750 manat pul oğurladığnı müəyyən edib.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat tədbirləri qısa zamanda öz nəticəsini verib. Oğurluğu törədən şəxs çox uzağa getməyə macal tapmayıb. Şübhəli yaxınlıqdakı küçələrin birində saxlanaraq Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abdinov olduğu məlum olub. Ondan “drel”, üzərinə baxış zamanı isə 1726 manat pul və 8 ədəd seyf açarı aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanan şəxs törətdiyi əməli, həmçinin götürdüyü puldan bir hissəsini kontura və digər şəxsi ehtiyacına xərclədiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı