Oktyabrın 27-də Xaçmaz RPŞ-nə rayon sakini şikayət ərizəsi ilə müraciət edərək, ona məxsus Xaçmaz rayon Xudat şəhəri Şollar kəndində yerləşən mənzilindən oğurluq edildiyini bildirib. O, öz ərizəsində yazıb ki, ona məlum olmayan tarixdə fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığı sındırılaraq yataq otağında olan seyfin icərisindən ümumi dəyəri 30.000 (otuz min) manat olan qızıl zinət əşyaları oğrulanıb.
Dərhal keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin zərərçəkənin həmkəndlisi olan Seymur Qafarzadə tərəfindən torədildiyi məlum olub və o, polis əməkdaşları tərəfindən tutularaq Rayon Polis Şöbəsinə gətirilib. S.Qafarzadə hadisəni törətdiyini etiraf edib və oğurlanan qızıl zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
S.Qafarzadənin əvvəllər də iki dəfə narkotik vasitələrin qanunsuz əldəetmə və saxlama maddəsi ilə məhkum olunduğu bildirilir.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanıb, S.Qafarzadənin başqa cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.
Nizam HƏMİDOV DİN mətbuat xidmətinə bilavasitə tabe olan Quba regional qrupunun baş inspektoru, polis leytenantı