Neftçala rayon Qaraqaşlı kənd sakini Sevda Həsənova oktyabrın 25-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir gün əvvəl yaşadığı evdən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulun oğurlandığını bildirib.
Polis əməkdaşlarının “isti izlər”lə və peşəkarlıqla həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri, 17 yaşlı Murad Eyvazov və onun əmisi oğlu, 22 yaşlı Camal Eyvazov şübhəli şəxs qismində saxlanaraq Neftçala RPŞ-nə gətirilib. Aparılan tədbirlər nəticəsində qohumlar törətdikləri cinayəti etiraf ediblər. Belə ki, ev sahibinin evdə olmamasından istifadə edərək, pəncərədən daxil olmaqla onlar evdən 2 ədəd qızıl boyunbağı, 3 ədəd qızıl üzük, 1 cüt və 1 ədəd qızıl sırğa, 3 ədəd qızıl kulon, 3 qızıl diş oğurlayıblar. Saxlanan şəxslərin qeyd edilən qızılları Qaraqaşlı kəndində yol kənarında basdırdıqları aşkar olunub və maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanıb. Hər iki şəxsin digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Toğrul NƏSİRLİ DİN mətbuat xidmətinin Şirvan şəhərində regional qrupunun baş inspektoru, polis leytenantı