Oktyabrın 22-də saat 18 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Rayon Polis İdarəsinə məlumat daxil olub.
Hadisə yerinə gələn istintaq-əməliyyat qrupu tərəfindən ərazi ətraflı müayinə olunub, zəruri tədbirlər həyata keçirilib. Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Təxirəsalınmaz tədbirlərlə hadisənin “Lada Granta” markalı avtomobillə törədildiyi müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin yeri müəyyənləşdirilib və onu idarə edən şübhəli şəxs qismində saxlanaraq Polis İdarəsinə gətirilib.
İstintaqa təhvil verilən şəxsin Bakı şəhər sakini Akif Məmmədov olduğu məlum olub.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Natiq Cavadov DİN mətbuat xidmətinin əməkdaşı