Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində bələdiyyə üzvlüyünə namizəd odlu silahla vurulub.
Baki-xeber.com-un “Report”a istinadən xəbərinə görə, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib. Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur. Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib. Məlumata görə, namizədin dostları — Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov da güllə yarası alıb.
Hadisəni törədənlər haqqında məlumat verilmir. Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralanan şəxslərdən Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta ağırdır. Qızılhacılı kənd sakinləri bildirib ki, C.Çovdarov xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, kənd yollarının təmir olunmasında, əhalinin içməli su təminatı və digər problemlərinin həllində yaxından iştirak edib.
Gürcüstan DİN faktla bağlı araşdırma aparır.