Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat yolu ilə Azərbaycan-Gürcüstan sərhədində gömrük nəzarətindən gizlədilən və saxta araq istehsalı üçün nəzərdə tutulan yarım milyondan çox saxta aksiz markasının Azərbaycana keçirilməsinin qarşısını alıb.
DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən baki-xeber.com-a verilən xəbərə görə, əməliyyat zamanı saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası saxlanıb. Xəbərə görə, araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən edilib. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çən aşkar olunub.
Başlanmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi tərəfindən birgə araşdırmalar davam etdirilir. Xidmətdən o da bildirilib ki, Azərbaycan Respublikasında vətəndaşların fiziki sağlamlığına, xalqın genofonduna qəsd edən hər növ qanunsuzluğun qarşısı bundan sonra da qətiyyətlə alınacaq.