Rusiyanın Milli Antiterror Komitəsi İŞİD terror təşkilatının üzvlərini ələ keçirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “İnterfax” yazıb. Xəbərdə deyilir ki, oktyabrın 13-ü və 14-də Moskvada və Mahaçqalada keçirilən əməliyatlar nəticəsində terror təşkilatı ilə əlaqəsi olan 4 nəfər saxlanıb. Onların Dağıstan əsilli olduqları bildirilir. Sözügedən Komitənin olayla bağlı açıqlamasında tutulanların Dağıstan ərazisində əldədüzəlmə partlayıcılar vasitəsilə terror aktları hazırladıqlarını etiraf etdikləri bildirilir. Xəbərdə o da deyilir ki, Mahaçqalada artıq onlara məxsus iki gizli saxlanc yeri təsbit edilib. Həmin saxlanc yerlərindən artıq istifadəyə hazır vəziyyətdə 3 partlayıcı qurğu aşkar edlərək götürülüb.
Fakt üzrə cinayət işi qaldırılıb.
Xatırladaq ki, daha öncə - 10 oktyabr tarixində FTB direktoru və sözügedən Komitənin sədri Aleksandr Bortnikov cari il ərzində Şimali Qafqazda 20 “passiv” özəyin aşkarlandığını və onların 120 nəfərdən çox üzvünün dağıdıcı fəaliyyətinin qarşısının alındığını bildirib. Buna qədər – 30 sentyabrda isə FTB Moskvada terror aktı hazırlayan İŞİD üzvlərini aşkarlayıb, nəticədə məhkəmə Məhəmmədhəbib Hacıyev və Nurlan Maqsudov barəsində 30 noyabr tarixinə kimi iki aylıq həbs qətimkan tədbiri seçib.