Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlara məxsus evlərdən və şəxsi nəqliyyat vasitələrindən oğurluq hallarına qarşı növbəti uğurlu tədbirlər həyata keçirib.
Belə ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun və sentyabr ayları ərzində rayon ərazisində 5 evdən və 3 avtomobildən müvafiq olaraq pul, məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Elşən Kərimov və Kəmaləddin Qasımov tutulub.
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprel-sentyabr ayları ərzində rayon ərazisində 6 avtomobildən və 1 evdən müvafiq olaraq pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini İlqar Məmmədov saxlanıb.
Göstərilən faktlarla bağlı cinayət işləri başlanıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Natiq Cavadov, DİN mətbuat xidmətinin əməkdaşı