Oktyabrın 6-da gecə saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə zəng edərək, naməlum şəxsin yaşadığı mənzilə pəncərədən girməklə oğurluğa cəhd etdiyini bildirib.
Məlumat dərhal aidiyyəti üzrə ötürülüb və Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin gecə növbəsində olan əməliyyat qrupu hadisə yerinə gəlib.
Oğurluğa cəhd edən həmin şəxs saxlanarkən polis əməkdaşlarına müqavimət göstərib və hətta əlindəki bıçaqla onlardan birinə yüngül xəsarət yetirib. Lakin polis əməkdaşları onu xüsusi fəndlə zərərsizləşdirib.
İlkin araşdırmalarla həmin şəxsin Cinayət Məcəlləsinin 178.2-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon Prokurorluğuna göndərilib.
Natiq Cavadov DİN mətbuat xidmətinin əməkdaşı