Bakıda 14 vətəndaşa qarşı dələduzluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan Dürrə İsmayılova və Rəşad Mustafayevin ətraflarında Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə bu şəxslərin 2015-ci ilin avqust ayından bu ilin may ayınadək olan müddətdə Bakı şəhər sakinləri olan 14 nəfəri aldadaraq ümumilikdə 34150 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmələri müəyyən edilib. Xatırladaq ki, ötən ay Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi, 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Xətai rayonu ərazisində lombard işlədən D. İsmayılovanın xeyli sayda vətəndaşın girov qoyduğu əmlakı mənimsədiyi barədə məlumatlar yayılıb. Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur.