İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri ilə mal-qara oğurluğunun üstü "isti izlərlə" açılıb.
DİN-in mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, mayın 27-də rayonun Çaxırlı kənd sakinlərinin Araz çayının kənarındakı otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qaradan yeddisi geri qayıtmayıb. İki gün özlərinin apardıqları axtarış nəticə vermədiyindən, mayın 29-da 5 nəfər kənd sakini bu barədə Rayon Polis Şöbəsinə müraciət edib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları həmin ərazidə iki gün əvvəl dövlət nömrə nişanı məlum olmayan "QAZ-53" markalı yük maşınının görünməsi barədə məlumat əldə edib. Müvafiq tədbirlərlə həmin nəqliyyat vasitəsinin Cəbrayıl rayon sakini Fuad Məmişova məxsus olduğu dəqiqləşdirilib və o, şübhəli şəxs qismində RPŞ-yə gətirilib. Ətrafında aparılan tədbirlərlə onun oğurluğu digər həmyerliləri Aruz Paşalı və Qalib Həsənli ilə birlikdə törətdiyi müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq onlar da tutulub.
Hər üç şəxs 7 baş heyvanı Biləsuvardakı mal bazarında 4400 manata satdıqlarını və pulu aralarında böldüklərini etiraf edib. Satışdan əldə olunan pul maddi sübut kimi götürülüb, həmçinin onların həmin heyvanları satdıqları qəssablar da müəyyənləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.