İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyev silahlı hücuma məruz qalıb. APA-nın "Anadolu”-ya istinadən verdiyi xəbərə görə, Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxan Azərbaycan dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən güllələnib.
Baş verən atışma nəticəsində ağır yaralanan iş adamı və sürücü xəstəxanaya çatdırılıb. Naməlum silahlılar hadisə yerindən qaçıblar. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq şəxsiyyəti müəyyənləşməyən sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Atışma zamanı Rövşən Əliyevin avtomobilinə çoxlu sayda güllə dəyib. Hadisə yerindən avtomat və iki tapança tapılıb. Polis silahlıların tutulması istiqamətində əməliyyata başlayıb.
Güllələnən şəxsin Rövşən Lənkəranski olduğu dəqiqləşib. APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, pasportunda soyadı Əliyev yazılsa da, polis araşdırma nəticəsində onun Rövşən Lənkəranski (Canıyev) olduğunu dəqiqləşdirib.
Agentliyin əməkdaşı onu da öyrənib ki, R. Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri isə gözünə tuş gəlib.
Məlumata görə, Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib. Onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.
Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.
Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk APA-nın müxbirinə bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.
Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.
Polisdən isə bildirilib ki, xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, o, xəstəxanada "Morris" soyadı ilə qeydiyyata alınıb.
R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.
Hadisə İstanbul Baş Polis İdarəsi tərəfindən araşdırılır.
"Rosbalt" agentliyi Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir ki, Rövşən Lənkəranski Rusiyada kriminal aləmin lideri "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal müharibənin qurbanı olub.
Mənbəyə görə, bu ilin iyul ayında Rusiya mafiyasının lideri Zaxari Kalaşov həbs olunandan sonra onun rəqibləri Merab Suxumski (Canqveladze) və Rövşən Lənkaranski fəallaşmağa başlayıb. Onlar Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro) arasında olan münaqişə ilə əlaqədar "qanuni oğru" tituluna qoyduğu qadağanı ləğv ediblər.
Hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, Rövşən Lənkəranski məhz bu fəallığın qurbanı olub.
Qeyd edək ki, bir müddət əvvəl İrəvanda keçirilən "qanuni oğrular"ın "sxodka"sında Rövşən Lənkəranskinin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul olunması barədə məlumat yayılıb. Həmin "sxodka"da onu 2013-cü ildə Ded Xasanın ölümündə də günahkar biliblər.