Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər Əlibala Vəliyev və Cabbar Cabbarov ifadə veriblər.
C.Cabbarov ittihamları əsassız hesab edib. Ə.Vəliyev isə deyib ki, həmin gün həyətdə işlərini bitirəndən sonra hadisə olan evə gedib: "Polislər evi mühasirəyə aldılar. Heç kim məni döyməyib, işgəncə verməyib".
İfadə verən Taleh Bağırov da Ə.Vəliyevə işgəncə verilmədiyini, sadəcə əməliyyat zamanı saxlanıldığını bildirib.
Prosesdə fasilə elan edilib.
Qeyd edək ki, T. Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.