“Öz yanlış kredit siyasətlərinə müəyyən formada bəraət qazandırmaq üçün belə iddialarla çıxış edirlər”
Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi ötən ilin noyabr ayı ərzində aşağı düşüb. Mərkəzi Bankın yaydığı məlumatdan aydın olub ki, hesabat ayında manatla depozitlər üzrə orta faiz 0,24 faiz bəndi azalaraq 9,31%, xarici valyutada isə 0,09 faiz bəndi azalaraq 1,93% təşkil edib. Hesabata əsasən, 2019-cu il dekabrın 1-nə fiziki şəxslərin manat depozitlərində orta faiz dərəcəsi 9,76%, xarici valyutada yerləşdirilən əmanətləri üzrə isə 2,45% enib. Bu müddətdə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,34%-dən 14,18%-ə, xarici valyutada verilmiş kreditlər üzrə isə 6,69%-dən 6,16%-ə enib. MB-nin məlumatına görə, manatla verilmiş banklararası kreditlərin orta faiz dərəcəsi noyabr ayı ərzində 0,02% bəndi azalaraq dekabrın 1-nə 9,16%-ə enib. Xarici valyutada isə bu kreditlərin orta faiz dərəcəsi 0,36% bəndi artaraq 3,40%-ə yüksəlib. Ancaq bütün bunlara baxmayaraq, banklar kreditlərin verilməsində paytaxt və region sakinlərinə böyük fərq qoyurlar. Belə ki, eyni tipli kreditin ayrılmasında iki dəfədən çox faiz fərqi var. Mərkəzi Bankın açıqladığı rəqəmlərdə açıq-aşkar görünür ki, paytaxtda kreditlər regionlarla müqayisədə aşağı faizlə verilir. Azərbaycan üzrə kredit qoyuluşunun ölkə üzrə ümumi orta faiz dərəcəsi isə 11,8% olub. Bakı şəhəri üzrə bu rəqəm 9 faiz təşkil edib. Bakıda orta kredit faizi 9 faiz olduğu halda, rayonlarda bu 11 faizdir. Bu qədər uyğunsuzluq olar? Banklar niyə regionlara krediti paytaxtla müqayisədə yüksək faizlə verir?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, bankların kreditləri bu cür fərqlə verməsinin nə iqtisadi, nə də məntiqi əsası var:“Banklar bununla bir növ möhtəkirliklə məşğuldular. Bakıda yaşayan vətəndaşa krediti aşağı, rayonda yaşayan vətəndaşa krediti bundan yüksək faizlə verməyin məntiqi əsaslandırması yoxdur və ola da bilməz. Sadəcə olaraq, bizim bankların öz mənfəətləri naminə ortaya qoyduqları “yaradıcı” yanaşmalardan biri də budur. Buna başqa ad vermək mümkün deyil. Bununla banklar asan yolla daha çox gəlir əldə etmək istəyirlər. Kreditlərin tərkibini araşdıranda məlum olur ki, onların içində iqtisadiyyatla, istehsalatla bağlı verilən vəsaitlərin həcmi, demək olar, yox səviyyəsindədir. Sözügedən kreditlərin hamısı yüksək faizli istehlak kreditləridir. Yəni əsasən vətəndaşların məişət ehtiyaclarını ödəmək üçün verilən kreditlərdir. Regionlara verilən kreditlərin faizinin yüksək olmasını banklar onunla əsaslandırır ki, guya bölgələrdə risq böyükdür. Bu səbəbdən kreditlər yüksək faizlə verilir. Əslində bankların bu arqumenti bəhanədir. Çünki bunun elə bir ciddi əsaslandırması yoxdur. Sadəcə, öz yanlış kredit siyasətlərinə müəyyən formada bəraət qazandırmaq üçün belə iddialarla çıxış edirlər. Əslində isə, qeyd etdiyim kimi, bu belə deyil. Məqsəd vətəndaşlardan daha çox pul qoparmaqdır”. Vidadi ORDAHALLI