“Biz tenderin qalibini açıq və şəffaf tender şərtlərinə uyğun müəyyən etməliyik”. Bunu Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, sevindirici haldır ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar: “Bir məsələ də daim diqqət mərkəzində olmalıdır. Bu da bərpaolunan enerji növlərinin yaradılmasıdır. Şadam ki, bu sahəyə xarici investorlar da böyük maraq göstərirlər. Hazırda Azərbaycan Energetika Nazirliyi bu işlərlə məşğul olur, tender elan olunub və bu sahədə böyük təcrübəsi olan şirkətlər tenderdə iştirak edirlər. Yəni sevindirici hal ondan ibarətdir ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar. Vaxtilə biz investorları inandırmağa çalışırdıq ki, gəlib vəsait qoysunlar. Ancaq indi investorlar özləri maraq göstərirlər. Biz tenderin qalibini açıq və şəffaf tender şərtlərinə uyğun müəyyən etməliyik. Çünki söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir”.
O da məlumdur ki, tenderlərin şəffaflığı ilə bağlı məsələ zaman-zaman müzakirə mövzusu olub. Məsələ ondadır ki, tenderlər heç də hər zaman şəffaf keçirilmir. Nəticədə işin smeta dəyəri bir sıra hallarda şişirdilir. Hansısa məmurlara bu və digər dərəcədə yaxın olan şirkətlər qalib elan olunur. Bütövlükdə, keçirilən tenderlərlə bağlı hansı neqativliklər baş verir?
“Daha bacarıqlı şirkətlər kənarda qalır, hansısa dairələrə yaxın olan şirkətlər tenderin qalibi elan olunur”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, keçirilən tenderlərdə neqativ hallar müxtəlif formada özünü göstərir: “Əvvəla Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə də bu məsələyə toxundu. Müşavirədə ölkədə aparılan islahatlardan, nailiyyətlərdən danışan dövlət başçısı daha sonra iqtisadi sahədə olan neqativ məqamlara da toxunaraq dövlət maliyyəli qurumların gördükləri işləri şişirtdiklərini bildirib. Bu onu göstərir ki, bu sahədə bir sıra şişirtmələrə yol verilir. Digər tərəfdən, ölkədə keçirilən tenderlərə nəzər saldıqda burada göstərilən rəqəmlərin reallığa uyğun olmadığı bir sıra hallarda açıq şəkildə özünü göstərir. Məsələn, qaydaya görə, dövlət satınalmalarında ehtimal olunan qiymət hesablanan zaman əvvəlki dövrdə bağlanmış müqavilə qiymətindən, qara bazarda olan real qiymətlərdən, müxtəlif mənbələrdən və internet resurslarından öyrənilməlidir. Bu zaman vergi, nəqliyyat, gömrük xərcləri və digər vacib faktorlar nəzərə alınmalıdır. Ancaq çox vaxt deyilən tərzdə işlər qurulmur. Bu da özlüyündə təklif olunan qiymətlərə təsir edən amillərdən biridir. Tenderlərin keçirilməsi zamanı rəqəmlər şişirdilir. Daha bacarıqlı şirkətlər kənarda qalır, hansısa dairələrə yaxın olan şirkətlər tenderin qalibi elan olunur. Bu da son nəticədə görülən işin keyfiyyətinə mənfi təsir edir”.
Vidadi ORDAHALLI