Vidadi Muradov: “Yerli xammaldan istifadə xalçanın istehsalında maya dəyərini aşağı salacaq”
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov mətbuata müsahibəsində ASC-nin fəaliyyət göstərən 20 filialının xammalla təmin olunması istiqamətində həyata keçirilən və nəzərdə tutulan tədbirlər barəsində də fikir bildirib.
“Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də xalçaçılığın yerli potensiala əsaslanan xammal bazasının yaradılmasıdır. Bu məqsədlə respublikanın yun və boyaq bitkiləri ehtiyatları öyrənilib, Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabrikinin tikintisinə başlanıb. Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək fabrik son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. İpliklər sifarişə uyğun olaraq, təbii və kimyəvi boyaqlarla boyanaraq satışa çıxarılacaq. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, bundan başqa, ölkəmizin digər sənaye müəssisələrinin, özəl xalça emalatxanalarının yun iplik tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaq” - deyə bildirən V.Muradov, həmçinin, deyib ki, Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. “Bu məntəqələr lazımi texniki avadanlıqlarla və yük maşınları ilə təmin ediləcək. Tədarük məntəqələrində il ərzində respublikamızın bütün bölgələrindən 1500 ton yun qəbul olunacaq.
Sumqayıt Kimya Sənaye Parkında inşası sürətlə davam etdirilən Yunəyrici-Boyaq Fabrikinin bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu da o deməkdir ki, 2020-ci ildən bizim xalça istehsalı emalatxanalarımız yerli xammaldan istifadə edərək xalça toxuyacaqlar. Əlbəttə ki, yerli xammaldan istifadə xalçanın istehsalında maya dəyərini aşağı salacaq. Bu da imkan verəcək ki, biz istehsal etdiyimiz xalçanı daha aşağı qiymətə təklif edə bilək” - deyə V.Muradov vurğulayıb.
İRADƏ