Rəşad Həsənov: “Bütün bunların fonunda investisiya reytinqi müəyyən olunur”
“Azərbaycana investisiya reytinqi verilməlidir”. Bu sözləri Azərbaycanın maliyyə naziri Samir Şərifov dövlət televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, dünyanın aparıcı reytinq agentlikləri olan “Standard and Poor's”, “Moody's” və “Fitch” Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsində müəyyən edib, lakin biz bu reytinqdən narazıyıq: “Hesab edirik ki, Azərbaycanın reytinqi 1 pillə də yuxarı, yəni əvvəlki “BBB-” səviyyəsində olmalıdır. Çünki Azərbaycan iqtisadi böhrandan sonra problemlərini, xüsusilə borc problemini uğurla həll edib, valyuta ehtiyatları kifayət qədər artıb, odur ki, ölkənin reytinqinin qaldırılması üçün zəmin yaranıb”.
Azərbaycana investisiya reytinqinin verilməsinin vacibliyi barəsində danışan iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, investisiya reytinqi müəyyən olunarkən ölkənin bir neçə faktoru nəzərə alınır: “İlk olaraq maliyyə-bank sektorunda tərəddüd və ya böhranın olub-olmaması nəzərə alınır. Daha sonra ölkənin neft qiymətindən asılı olub-olmamasıdır. Bu hər zaman Azərbaycanın maliyyə dayanıqlığı sistemini formalaşdıran əsas sistemlərdən biridir. Nəzərə almaq lazımdır ki, son üç il ərzində bu istiqamətdə atılan addımlar müəyyən nəticələrə səbəb olub. Məlumdur ki, 2015-ci ildə manatın məzənnəsinin xarici valyutaya nisbətən dəyişməsindən sonra Azərbaycanın valyuta ehtiyatında azalma yaşandı. Ümumdaxili məhsulun dəyəri azaldı. Bütün bunların fonunda investisiya reytinqi müəyyən olunur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qarşıdakı illərdə bank sektorunda sağlamlaşdırma prosesi, iqtisadiyyatın enerji resursluğundan mərhələli şəkildə aradan qaldırılması, real sektorun inkişafı istiqamətində aparılan işlər sayəsində Azərbaycan investisiya reytinqi artacaq. Növbəti mərhələdə beynəlxalq təşkilatların açıqladığı hesabatlarda Azərbaycanın adı daha yüksək sırada yer alacaq.
Günel CƏLİLOVA