Vüqar Bayramov: “Bu məsələnin hökumət səviyyəsində qəbul edilməsi istiqamətində ekspert icması olaraq fəaliyyətimizi davam etdirəcəyik”
Məlum olduğu kimi, ötən həftə Prezident İlham Əliyev problemli kreditlərlə bağlı mühum fərman imzalayıb. Bu fərmanla problemli kreditlərdən əziyyət çəkən vətəndaşların sıxıntıları həll olunub. Devalvasiya nəticəsində banka artıq məbləğ ödəyən vətəndaşların pulları kompensasiya şəklində həmin şəxslərə geri qaytarılacaq.
Bununla yanaşı, banka olan borcunu vaxtında qaytarmayan insanların adı həmin bankın “qara siyahı”sına salınırdı. Beləliklə, adı “qara siyahı”ya düşən şəxsə bank tərəfindən bir daha kredit verilmirdi. Maraqlıdır, ötən həftə Prezidentin problemli kreditlərlə əlaqədar imzaladığı fərman adı “qara siyahı”ya salınanların amnistisiyaya düşməsinə səbəb ola biləcəkmi? Həmin şəxslərin adı “qara siyahı”dan necə çıxarılacaq? Bu kimi suallara cavab tapmaq məqsədilə iqtisadçı-ekspert Vüqar Bayramova müraciət etdik.
O bizimlə söhbətində qeyd etdi ki, Prezidentin problemli kreditlərlə bağlı fərmanı kredit götürənlərə güzəşt və kompensasiya ödənilməsini təmin etdiyi üçün, həmin şəxslərin adlarının "qara siyahı”dan çıxarılmasına və gələcəkdə yenidən kredit ala bilmələri üçün imkanların yaradılmasına ehtiyac var: “Bu problemlə bağlı müəyyən təkliflər verilib. Fərmana əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası yeni mexanizm hazırlayıb təqdim edəcək. Bu mexanizmin 15 gün ərzində hazırlanması nəzərdə tutulub. Əslində, bu, amnistiyadır və güman olunur ki, gecikmələri çox olmayan vətəndaşların adlarının "qara siyahı”dan silinməsinə da gətirib çıxaracaq. Etiraf edək ki, fərmanda bu maddə əks olunmayıb, çünki fərman sırf kompensasiyanın verilməsi ilə bağlıdır. Amma bununla bağlı təkliflərimizi Maliyyə Bazarlarına Nəzarət Palatasına və Mərkəzi Banka vermişik. Güman edirik ki, təkliflər qəbul ediləcək. Fərman müvafiq olaraq həmin şəxslərin adlarının "qara siyahı”dan çıxarılması üçün hüquqi baza da formalaşdırır. Hər halda, biz bu məsələnin hökumət səviyyəsində qəbul edilməsi istiqamətində ekspert icması olaraq fəaliyyətimizi davam etdirəcəyik”.
Günel CƏLİLOVA