Rəsul Cahangirli: “Xüsusən də Azərbaycan tranzit ölkə olaraq bundan daha çox mənfəət əldə edəcək”
Minsk-Bakı marşrutu üzrə konteyner qatarının buraxılması ilə bağlı layihə üzərində “Belarus Dəmir Yolları” (BDY) “Rusiya Dəmir Yolları” (RDY) və "Azərbaycan Dəmir Yolları" (ADY) ASC ilə "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı çərçivəsində birgə iş aparır. Bu barədə “Belarus Dəmir Yolları” məlumat yayıb. Məlumatda qeyd olunur ki, “Belarus Dəmir Yolları” üçün əsas strateji istiqamətlərdən biri milli məhsulların ixrac-idxal daşımalarının inkişafıdır. Bu layihənin 2019-cu ildə reallaşdırılması planlaşdırılır.
Konteyner qatarının hərəkəti qısamüddətli (7 gün) olacaq və həm Belarusda, həm də Azərbaycanda istehsal edilən yüklər rəqabətli tariflərlə daşınacaq. Minsk-Bakı dəmir yolu marşrutunun uzunluğu 3 min kilometrdir. Gələcəkdə isə nəinki İran, eləcə də Türkiyə istiqamətində yüklər daşınacaq.Yük ötürücüləri yüklərin informasiya müşayiəti ilə təmin olunacaq.
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə bağlamaq üçün nəzərdə tutulub. Eyni zamanda, bu xətt Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirəcək. Birinci mərhələdə dəhliz vasitəsilə 5 milyon tonadək yük daşınacaq. Proqnozlara görə, növbəti mərhələdə yükdaşımaların həcmi 10-15 milyon ton artacaq.
Belarusun "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından istifadə etməsi həm bu dəhlizin gəlirlə işləməsinə müsbət təsir edəcək, həm də Azərbaycanın nəqliyyat-tranzit imkanlarını artıracaq. Maraqlıdır, bəs ekspertlər Minsk-Bakı marşrutu üzrə konteyner qatarının buraxılması layihəsinə necə baxırlar?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Belarusun bu cərçivədə əməkdaşlığı iqtisadi dividendlər vəd edir: “Əvvəla Azərbaycanın tranzit ölkə statusunu daha da möhkəmləndirəcək növbəti qlobal layihənin – “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istismara verilməsi tarixi uzaqda deyil. Strateji layihə ilə bağlı işlərin birinci mərhələsi başa çatıb. Daha dəqiq desək, dəhlizin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Dəhlizin istifadəyə verilməsindən sonra Azərbaycan Avrasiya materikində strateji nəqliyyat-kommunikasiya potensialını gücləndirəcək. Eyni zamanda, qitələrarası iqtisadi əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək. Hesablamara görə, 2020-ci ilə Azərbaycanın tranzit potensialı 600-700 milyon dollara və ya 300 min konteynerə çatacaq. Belarusa gəldikdə isə, bu ölkə 2017-ci ildə "Şimal-Cənub" nəqliyyat dəhlizində iştirak etmək istədiyini rəsmən bəyan edib. Belarsun dənizə çıxışı olmadığı üçün, dəmir yolu ilə yükdaşımalara xüsusi önəm verir. Bu baxımdan, Minsk-Bakı marşrutu üzrə konteyner qatarının buraxılması tərəflərə iqtisadi dividendlər vəd edir. Xüsusən də Azərbaycan tranzit ölkə olaraq bundan daha çox mənfəət əldə edəcək. Ancaq bu məsələdə gərək Belarus, Rusiya, Azərbaycan və İran elə bir ortaq tarif müəyyən etsinlər ki, bu, bütün tərəflər üçün məqbul olsun. Hesab edirəm ki, bununla bağlı problem olmayacaq. Çünki bu yöndə gedən proseslər onu göstərir ki, tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində maraqlıdırlar. Hesab edirəm ki, qarşıdakı illərdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin imkanlarından daha çox ölkə istifadə etmək istəyəcək”.
Vidadi ORDAHALLI