Zaur Məmmədov: “… əhalinin bank sektoruna inamını bərpa edəcək” Könül Nuriyeva: “Problemli kreditlərin həll olunması ilə bağlı imzalanan fərman manatla yatırılan əmanətlərin həcminin artmasına səbəb olacaq”
Uzun müddətdir vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlı idi. Bu məsələ artıq neçə vaxtdır müzakirə olunurdu. Məlumdur ki, Prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə problemli kreditlərin həll olunması üzrə proqramın hazırlanması barədə göstəriş verdi. Prezidentin məlum çıxışından bir neçə gün sonra fərdi şəxslərin problemli kreditlərinin həll olunması ilə əlaqədar qərar verildi. Problemli kreditlər barədə imzalanan inqilabi fərman əhalinin rifahının yaxşılaşmasına yönəlib.
Təbii ki, bu fərman sayəsində əhalinin bank sektoru ilə yaşadığı problemlər, narahatlıq həll ediləcək. Beləliklə, bank sektoru əhalinin etimadını yenidən qazanacaq. Fevralın 28-də Prezidentin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanın bank sektoruna yatırılan əmanətlərin həcminin artmasında nə kimi rolu olacaq?
İqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman xalqın rifahının yaxşılaşmasına xidmət edir: “Devalvasiya nəticəsində vətəndaşların itirdiyi məbləğ məlum fərman sayəsində geri qaytarılacaq. Bu qərar vətəndaşların maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaq.
Eyni zamanda, problemli kreditlərin həll olunması ilə bağlı imzalanan fərman əhalinin maddi vəziyyətinə müsbət təsir etməklə yanaşı, bankların maddi durumuna da təsir edəcək. Ancaq bu fərman dollarla yatırılan əmanətlərin həcminə təsir etməyəcək. Çünki əhali xarici valyuta ilə deyil, daha çox manatla əmanət yatırmağa üstünlük verəcək. Beləliklə, manatla yatırılan əmanətlərin həcmi artacaq”.
İqtisadçı-ekspert Zaur Məmmədov hesab edir ki, bu fərman sosial paketin vacib elementidir, çünki əhalinin kredit borcu probleminin həlli maliyyə yükünü azaltmağa, eləcə də bank sektoruna inamı artırmağa imkan verəcək: “Problemli kreditlər vətəndaşları narahat edən əsas məsələlərdən biri idi. Dövlət başçısının fərmanı bu problemi kökündən həll edir. Bu fakt bankların fəaliyyətində də özünü göstərəcək, çünki həmin fərman, müəyyən mənada, əhalinin bank sektoruna inamını bərpa edəcək”.
Günel CƏLİLOVA