Əli Əlirzayev: “Əhalinin kredit problemi öz həllini tapdıqdan sonra insanlar istehsala daha çox diqqət yetirəcəklər”
2015-ci ildə manatın məzənnəsinin xarici valyutaya nisbətən dəyişməsindən sonra banklarda problemli kreditlərin məbləği də artmağa başladı. Əvvəllər əhali gəlirinin müəyyən hissəsini kreditlərə ayırırdısa, devalvasiyadan sonra ailələrin bir çoxunda kreditin aylıq ödənişi ailənin gəliri həddində oldu.
Bu zaman isə vətəndaşın krediti ödəməsi mümkün deyildi. Bu mümkünsüzlüklər də problemli kreditlərin həcmini artırırdı. Vaxtı ötmüş kreditlərin həll olunması üçün Prezident bu məsələni nəzarətə götürdü. Dövlət başçısı əhalinin sosial məsələlərinin həlli istiqamətində növbəti qərar qəbul etdi. Prezidentin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə vətəndaşların kredit probleminin həllinə də yol açıldı. Bu qərar sayəsində vətəndaşların problemli kredit məsələsi çözüldü.
Problemli kredit məsələsinin çözülməsi əhalinin maddi durumuna müsbət təsir etməklə, iqtisadiyyatın bir sıra sahələrinin inkişafına təkan verəcək. Maraqlıdır, bu qərar ölkədə inflyasiyanın səviyyəsinə necə təsir edəcək?
İqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, problemli kreditlər məsələsinin həll olunması inflyasiyanın daha da azalmasına səbəb olacaq: “Nəzərə almaq lazımdır ki, əhalinin kredit problemi öz həllini tapdıqdan sonra insanlar istehsala daha çox diqqət yetirəcəklər.
İnsanlar hər hansı bir problemini həll etmək üçün bankdan kredit götürürdülər, yaxud götürdükləri krediti istehsala yönəltmək istəyirdilər. Müəyyən səbəblərdən onların şəxsi biznesi alınmırdı. Ya gözlənilməz hadisə baş verirdi, ya devalvasiya, ya da böyük inflyasiya olurdu. Problemli kredit belə yaranır. Prezidentin məlum qərarından sonra ölkədə problemli kredit məsələsi tam şəkildə həll olunacaq. Ölkədə vaxtı ötmüş kredit problemi yoxdursa, təbii ki, bu hal iqtisadiyyatda inkişafın baş verməsinə səbəb olur. İstənilən sahədə istehsalatda artım qeydə alınacaq. Bu həm aqrar sektorda, həm də sənayedə özünü göstərəcək. Təbii ki, bu hal da inflyasiyanın azalmasına şərait yaradacaq”.
Günel CƏLİLOVA