Aydın Hüseynov: “İmkan yaranacaq ki, sahibkarlara əlverişli şərtlərlə kredit versinlər”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, devalvasiyalar baş verən tarixlərə fiziki şəxslərin banklara 10 min dollaradək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə güzəşt tətbiq olunacaq. O cümlədən, bundan irəli gələn digər tədbirlər görüləcək.
Məsələ ondadır ki, sözügedən fərman uzun müddət müzakirə olunan və əhalini daha çox narahat edən sosial məsələlərin həlli deməkdir. Nəticə etibarilə vətəndaşların diqqət mərkəzində olan bu problem öz həllini tapdı. Həmin problemin həlli yüz minlərlə insanın bu güzəştdən istifadə etməsinə şərait yaradacaq. Ümumilikdə, bu fərman problemli kreditlər məsələsinin köklü şəkildə həll edilməsinə imkan verəcək. Həmçinin, bu, vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından ciddi addım kimi qiymətləndirilməlidir. O üzdən, ölkə başçısının məlum qərarı ictimaiyyətdə böyük rəğbətlə qarşılanır.
Məsələnin digər müsbət tərəfi də bunun banklara olacaq faydası ilə bağlıdır. Məlum məsələdir ki, neçə illərdir banklar real sektorun kreditləşməsində passiv iştirak edirlər. Bu sahədə verilən kreditlərin həcmi az, faizi isə yüksəkdir. Real sektora banklar tərəfindən daha çox kreditin ayrılması ilə bağlı müxtəlif çağırışlara rəğmən, banklar daha çox istehlak kreditlərinin verilməsinə üstünlük verirlər. Banklar real sektora əlverişli şərtlərlə kredit ayırmamalarını əsasən resursların azlığı ilə əlaqələndirirdilər. O da məlum faktdır ki, devalvasiyadan sonra bankların vəziyyəti pisləşib. Bir sıra banklar bağlandı, digərlərinin maliyyə imkanları azaldı və s. O baxımdan problemli kreditlərlə bağlı məlum qərar bundan sonra bankların real sektora daha çox vəsait ayırmalarına, kredit faizlərini aşağı salmalarına necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, məlum qərar bankların kredit vermək üçün resurslarını artıracaq: “Çünki bu məqsədlə dövlət hesabından 700 milyon manata yaxın vəsait ayrılacaq. Bu, ümumən, iqtisadiyyata müsbət təkan verəcək və bankların maliyyə resursları artacaq. Nəticədə iqtisadiyyata əlavə vəsait daxil olacaq. Eyni zamanda, tələb artacaq və ona uyğun da təklif formalaşacaq. Bütün bunların sayəsində bankların kredit portfeli artacaq. Bankların kredit portfeli artdığına görə real sektora kredit ayırmaqda maraqlı olacaqlar. İmkan yaranacaq ki, sahibkarlara əlverişli şərtlərlə kredit versinlər. Hər hansı bir sahə ilə bağlı biznesini qurmaq istəyən vətəndaş banklardan sərfəli şərtlərlə kredit əldə edə biləcək. Hesab edirəm ki, bütün bu müsbət tendensiyaların fonunda sonrakı mərhələdə banklar kredit faizlərini də aşağı salacaqlar. Faiz dərəcələri elə olmalıdır ki, götürülən kreditin geri qaytarılması üçün şərait daha optimal olsun. İstənilən halda, bankların kredit portfelinin böyüməsi imkan verəcək ki, həmin vəsaitləri yenidən kredit şəklində iqtisadiyyatın bu və ya digər istiqamətinə yönəltmək mümkün olsun. Bu da ölkədə iqtisadi aktivliyi daha da artıracaq. O baxımdan, sözügedən qərarın bank sektoruna müsbət təsir edəcəyi qənaətindəyəm”.
Vidadi ORDAHALLI