Rəşad Həsənov: “Kredit zaminin əməkhaqqına və ya hansısa gəlirinə şamil olunubsa, bu zaman ödənilən kompensasiya zaminə yönələcək”
Məlum olduğu kimi, fevralın 25-də Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib. Müşavirədə Prezident bir sıra məsələlərə toxunub, o cümlədən problemli kreditlər barədə qeyd edib ki, bunun həlli üzərində iş aparılır. Prezidentin məlum çıxışından sonra isə problemli kreditlərin həlli ilə bağlı qərar verildi. Bu qərar sayəsində vaxtı ötmüş kreditləri ödəməkdə çətinlik çəkən şəxslərin maddi vəziyyəti düzələcək.
Problemli kreditlərlə bağlı imzalanan fərman 800 mindən çox insanı əhatə edəcək. Bəllidir ki, kredit götürən zaman həmin şəxsə 2 nəfər zamin durur. Zaminliyin şərtlərinə əsasən, kredit götürən şəxs bankdan götürdüyü məbləği geri qaytarmaqda çətinlik çəkirdisə, o zaman məsuliyyət zaminin üzərinə düşürdü. Bəzi hallarda zamin həmin məbləği ödəyirdi, bəzən isə ödəməkdə çətinlik çəkdiyi üçün, onun da adı bankın “qara siyahı”sına düşürdü. Gələcəkdə həmin şəxs kredit götürmək istəyəndə ona kredit verilmirdi.
Ancaq Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman kredit götürənlərlə yanaşı, zaminlərin də ürəyincə oldu. Qeyd etdiyimiz kimi, bu qərar 800 mindən çox insana şamil olunacaq. Bu siyahıya zaminləri də əlavə etsək, o zaman 1 milyon 600 mindən çox vətəndaşa da aiddir.
İqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kredit zaminin əməkhaqqına və ya hansısa gəlirinə şamil olunubsa, bu zaman ödənilən kompensasiya zaminə yönələcək: “İlk olaraq zaminə dəymiş zərər ödəniləcək, daha sonra qalan məbləğ kredit götürənə tətbiq olunacaq. Zamin məhkəmə proseduru əsasında zərərçəkən olubsa, o zaman həmin şəxsə kreditə güzəştlə bağlı edilən qaydalar tətbiq olunacaq. Eyni zamanda, banklara tapşırıq verilib ki, məhkəmələrdə olan bütün problemli kreditlərlərlə bağlı iddialar geri götürülsün. Bunun nəticəsində zaminin üzərində olan öhdəlik azalacaq. Nəzərə almaq lazımdır ki, zamin kredit götürənlə eyni statusa, hüquqa malik olan şəxsdir. Kredit götürənin yükünün azalması birbaşa olaraq zaminə də müsbət təsir edəcək”.
Günel CƏLİLOVA