Aydın Hüseynov: “Bura təkcə əməkhaqqı və pensiyaların artırılması daxil deyil”
“Artıq bir neçə aydır ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq”.
Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə deyib. Ölkə başçısının sözlərinə görə, sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq: “Yəni bütün bunlar – bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.
Bu çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir”.
Bütün bu deyilənlərin fonunda, ümumilikdə, sosial paketin mahiyyəti nədən ibarətdir? Ekspertlər bunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, sosial paket bu yöndə bir sıra sosial xarakterli addımları özündə ehtiva edir: “Əvvəla Prezident İlham Əliyev sosial sferada aparılan bütün islahatlarla bağlı tapşırıqlarını verir. Bu sahədə çox böyük işlər görülüb və görülür. Sosial paket çərçivəsində minimum əməkhaqqı, minimum pensiyalar, sosial müavinətlər artırıldı. Çoxsaylı müavinət növünün hamısı artırıldı. Pensiyaların sığorta hissəsi, müxtəlif növ təqaüdlər artırıldı. Hansı ki, bütün bunlar kifayət qədər böyük addımlardır. Əlilliyə görə müavinətlərin artırılması birbaşa onu göstərir ki, cənab Prezident Azərbaycan vətəndaşlarının maraqlarını, onların sosial-iqtisadi rifah halının yüksəldilməsini hər zaman diqqət mərkəzində saxlayır. Bu istiqamətdə, göründüyü kimi, sistemli işlər həyata keçirilir. Vətəndaşların bütün sosial problemlərinin həllinə diqqət göstərilir. Ölkə başçısının bu yöndə gördüyü işlər düşünülmüş uğurlu siyasətə söykənir. Təsadüfi deyil ki, dövlət büdcəsi sosialyönümlüdür. Builki büdcədə vəsaitlərin 34 faizi sosial istiqamətə yönəldiləcək. Ümumilikdə, sosial paket dedikdə vətəndaşların həyat şəraiti ilə bağlı olan bütün kompleks tədbirlər nəzərdə tutulur. Bura təkcə əməkhaqqı və pensiyaların artırılması daxil deyil. Eyni zamanda, vətəndaşların enerji təminatının yaxşılaşması, yolların salınması, su təchizatı və digər bu kimi sosial xarakterli tədbirlər daxildir. Son 15 ildə 2 milyona yaxın iş yeri açılıb. Qarşıdakı illərdə daha çox iş yeri açılacaq. Çünki layihələrimiz artır”.
Vidadi ORDAHALLI