Rüfət Quliyev: “… ölkənin iqtisadi qüdrətindən xəbər verir”
"Bu il şəhid ailələrinə 800 mənzil veriləcək. Keçən il 626 mənzil verilib. Yəni iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək". Bu barədə Prezident İlham Əliyev fevralın 25-də keçirdiyi iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.
Dövlət başçısı qeyd edib ki, bu günə qədər mənzil almayan bütün şəhid ailələri növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib.
Yaxın müddət ərzində mənzil almayan digər şəhid ailələrinin də mənzillə təmin olunması barədə fikir bildirən millət vəkili Rüfət Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin planlı sosial siyasəti vətəndaşların rifahının təmin olunmasına yönəlib. Bu istiqamətdə aparılan işlər bunun bariz nümunəsidir. Məlumdur ki, son aylar əhalinin sosial rifahının yüksəlməsi məqsədilə ard-arda sərəncam, fərmanlar imzalanır. Görülən işlərin tək amalı ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşmasıdır.
Həmsöhbətimiz onu da vurğuladı ki, dövlətimiz şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır: “Şəhid ailələrinin problemi ilə Prezident maraqlanır və həll olunması üçün lazımi işlər görülür. Bu ilin ilk ayında Prezident bir qrup şəhid ailəsini qəbul etdi.
Son iki ay ərzində şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində çoxlu sayda iş görülüb. Birdəfəlik müavinətin verilməsi, şəhid ailələrinə mənzilin verilməsi və digər sosial layihələr həyata keçirilməsinin şahidiyik. Məlumdur ki, hazırda 12 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinə verilən müavinətlər 242 manatdan 300 manata çatdırıldı. Həmçinin, 6500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər verilib. Bu il isə şəhid ailələrinə 800 mənzilin verilməsi nəzərdə tutulur. Qısa müddətdə belə mühüm qərarların qəbul edilməsi 2019-cu ili sosial sahədə inqilabi islahatlar ili kimi qiymətləndirməyimizə əsas verir”.
Millət vəkilinin sözlərinə görə, yaxın müddət ərzində mənzil sahibi olmayan şəhid ailələrinin mənzillə təmin olunması ölkənin iqtisadi qüdrətindən xəbər verir.
Günel CƏLİLOVA