“Bunun nəticəsində bankların maliyyə resursları artacaq”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1514-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, əmanətlərin tam sığortalanmasının müddəti bir il daha artırılıb. Həmçinin, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayıb, bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. Məlumat üçün qeyd edək ki, 2015-ci ildə baş verən məlum devalvasiyadan sonra 2016-cı ilin martında əmanətlərin tam sığortalanması ilə bağlı qanun qəbul edildi. Nəticədə bank sektoruna inam bərpa olundu, əhali əmanətlərini depozit şəklində manatla banklara qoymağa başladı. Gələn ay bunun müddəti bitirdi. O üzdən, sözügedən müddət daha bir il uzadıldı. Maraqlıdır, əmanətlərin tam sığortalanması müddətinin daha bir il artırılmasının ölkənin maliyyə bank sistemi üçün ən böyük nəticəsi nə olacaq? Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bunun ölkənin maliyyə və bank sistemi üçün bir sıra müsbət nəticələri olacaq: “Əhalinin banklara inamı artacaq, banklarda əmanətlər yerləşdirməkdə maraqlı olacaqlar. Bunun nəticəsində bankların maliyyə resursları artacaq. Nəticədə banklar kreditləşmədə daha çox maraqlı olacaqlar. Ona görə də əmanətlərin tam sığortalanması vaxtının uzadılmasına müsbət yanaşıram. Nəzərə almaq lazımdır ki, 2016-cı ilin martın 4-də qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” qanunun müddəti 2019-cu il martın 4-də bitir. Qanunun qüvvədə olma müddətinin bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək. Bununla yanaşı, hesab edirəm ki, əmanətlərin tam sığortalanması barədə qanunun müddətinin uzadılması zəruri idi. Çünki bankların bağlanması risqi hələ də tam aradan qalxmayıb. Belə olan halda əmanətçilər proseslərə həssas yanaşır. Fikrimcə, sığortalanma şərtləri də dəyişməlidir. Çünki banklarda izafi likvidlik yaranıb. Yüksək faizlə əmanətləri cəlb ediblər, ancaq həmin vəsaitləri, o cümlədən digər mənbələrdən cəlb edilmiş depozitləri kreditləşməyə yönəltməkdə çətinlik çəkirlər. Ona görə də əsas diqqət resursların ucuzlaşdırılmasına yönəldilməlidir. Bunun yollarından biri sığortalanan əmanətlərin illik faiz dərəcəsinin aşağı salınmasıdır. Düşünürəm ki, qarşıdaki dövrdə bu da yoluna qoyula bilər”.
Vidadi ORDAHALLI