Əli Əlirzayev: “Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi həm də binaların kommunal xidmətlərlə tam təmin olunmasına şərait yaradacaq”
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə veriləcək.
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinin əhəmiyyəti haqqında danışan iqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əvvəllər çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılıb. Təbii ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edirdi: “Prezident çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini, həmin binaların istismarına icazə prosedurunu, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə məlum fərmanı imzalayıb. Bu fərman əhali tərəfindən çox böyük sevinclə qarşılandı. Bu fərman sayəsində ölkədə sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri artıq sənəd problemi ilə üzləşməyəcəklər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, çoxmənzilli binaların istismarı prosesi ciddi şəkildə sadələşdirilir, bu, olduqca mühüm bir fərmandır: “Onu da deyim ki, yeni fərman imkan verəcək ki, vətəndaşlar çoxmənzilli binalarda kommunal xidmətlərlə tam təmin olunsunlar. Məlumdur ki, bu gün xeyli sayda bina var ki, onlarla bağlı rəy olmadığı üçün qazla təmin edilməyib. Fərman bu kimi problemlərin aradan qaldırılmasına imkan verəcək. Bu proses qısa bir müddətdə həyata keçiriləcək”.
İqtisadçının fikrincə, bu fərmanın imzalanması əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır.
Günel CƏLİLOVA