Aydın Hüseynov: “Azərbaycanın qeyri-neft ixracını 15 faiz artıracaq”
Məlum olduğu kimi, fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "SOCAR Polymer” layihəsi çərçivəsində yüksək sıxlıqlı polietilen zavodunun təntənəli açılışı olub.
Qeyd edək ki, təməli 2015-ci ildə qoyulan zavodda ilkin mərhələdə ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çesiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal ediləcək. Bu isə nəinki daxili tələbatı tam ödəyəcək, məhsulun 75 faizi ixrac olunacaq.
Millət vəkili Aydın Hüseynov bizimlə söhbətində qeyd etdi ki, ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və getdikcə iqtisadiyyatda çəkisinin artırılması siyasətimizin əsas məqsədidir: “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışı bu məqsədlərin həyata keçirilməsinə bir töhfədir. Məlumdur ki, ölkədə kənd təsərrüfatı, turizm, informasiya- kommunikasiya, ən başlıcası, sənaye sahəsinin inkişafı qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan gündən-günə böyük bir sənaye ölkəsinə çevrilir. Yerli xammal, resurslardan istifadə edərək rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, daxili bazarın tam ödənilməsi, xarici bazarlara çıxarılması hədəflər sırasındadır. "SOCAR Polymer” zavodu da böyük perspektivli sahədir. Zavodun istifadəyə verilməsi Azərbaycanın qeyri-neft ixracını 15 faiz artıracaq. Zavod təkcə daxili bazarda tələbatları ödəməyəcək, xarici bazarlara çıxış imkanı yaradacaq. Bu addımlar sənaye sahəsində inkişafla bağlı çox ciddi addımların atıldığını göstərir. Sənaye sektoru həm intellekt, həm də peşə qabiliyyətliliyi baxımdan əməktutumlu sahədir. Bu sahədə əməkhaqlarının yüksək olması faktdır. Bu zavodun istifadəyə verilməsi vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi, işlə təminatı, yüksək əməkhaqqı alması baxımından əhəmiyyətlidir. Çünki ölkədə həyata keçirilən bütün layihələrin məqsədi vətəndaşlarımızın daimi işlə təmin edilməsidir”.
Günel CƏLİLOVA