“Bu hər iki ölkənin maraqlarına uyğundur”
Rusiya Qaz İxracatçısı Ölkələr Forumunda (GECF) Azərbaycanın fəaliyyət statusunu dəyişməyi nəzərdən keçirməyi təklif edir.
Bunu mətbuata açıqlamasında Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski deyib. Onun sözlərinə görə, Azərbaycan uzun müddətdir GECF-in üzvü olub və özünü müşahidəçi statusu ilə məhdudlaşdırmaq qərarına baxmayaraq, Azərbaycan nümayəndələri bütün Forum tədbirlərində ardıcıl olaraq iştirak edir. Bundan əlavə, Yanovskinin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq uzun illərdir yaxşı qonşuluq və strateji tərəfdaşlıq prinsipinə əsaslanır: “Ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığı energetika sahəsində dialoqun güclənməsinə böyük töhfə verir. İki ölkə arasında ikitərəfli gündəliyin və OPEK+ əməkdaşlığının həyata keçirilməsi də daxil olmaqla çoxtərəfli əməkdaşlıq məsələlərində ikitərəfli əməkdaşlığın aktual dinamikasını qeyd edirik”. Nazir müavininin sözlərinə görə, hazırda iki ölkə arasında neft sektorunda Azərbaycan neftinin Rusiya üzərindən nəqli üzrə əməkdaşlıq davam edir.
Məlumat üçün qeyd edək ki, Qaz İxrac edən Ölkələr Forumu təbii qaz ixracatında dünyanın qabaqcıl ölkələri birliyidir. Azərbaycan 2015-ci ilin noyabrında təşkilatda müşahidəçi statusu alıb. Göründüyü kimi, Rusiya Qaz İxrac Edən Ölkələr Forumunda Azərbaycanın statusunun dəyişdirilmısini təklif edib. Yəni üzv olmağını istəyib. Bəziləri deyirdi ki, “Cənub Qaz Dəhlizi” məsələsi Rysiya - Azərbaycan münasibətlərini pozacaq. Ancaq bunun əksi baş verir. Azərbaycan və Rusiya qaz ixracı sahəsində də strateji əməkdaşlara çevrilir. Bu amili ekspertlər necə dəyərləndirir? Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Rusiya sözügedən məsələdə Azərbaycanın oynadığı müsbət rolun fərqindədir: “Ona görə də Azərbaycanla qaz ixracı sahəsində əməkdaşlığı genişləndirmək istəyir. Məsələ ondadır ki, Azərbaycan bu sahədə böyük naliyyətlərə imza atıb. Artıq gələn il Azərbaycan qazı Avropa bazarına çıxarılacaq. Cənub Qaz Dəhlizi Rusiyanın maraqlarına qarşı deyil. Nəzərə almaq lazımdır ki, Rusiyanın Avropaya qaz ixracı kifayət qədər böyükdür. Rusiya qaz ixracı sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməklə faydalı əlaqələr qura bilər. Bu həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına uyğundur. Ona görə də bu sahədə qurulan əməkdaşlığa müsbət yanaşıram”.
Vidadi ORDAHALLI