Əli Əlirzayev: “Uçot dərəcəsinin aşağı salınması kredit faizlərinin aşağı salınmasına təsir etməlidir”
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9,75%-dən 9,25%-ə qədər azaldılması barədə qərar qəbul edib. Uçot dərəcəsinin yuxarı həddi 11,75 faizdən 11,25 faizədək, aşağı həddi isə 7,75 faizdən 7,25 faizədək endirilib.
Maraqlıdır, uçot dərəcəsinin aşağı salınması kredit faizlərinə necə təsir edəcək?
Ekspertlər hesab edirlər ki, uçot dərəcəsinin aşağı salınması kredit faizinə də təsir göstərməlidir.
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması bankların kredit vermək siyasətinə təsir edəcək. İqtisadçı hesab edir ki, uçot dərəcəsinin aşağı salınması kredit faizlərinin aşağı salınmasına səbəb olmalıdır. Həmçinin, kreditə olan tələbatı artırar: “Məlumdur ki, bu gün əksər bank kredit verməkdə maraqlı deyil. Yalnız mütəmadi əməkdaşlıq etdiyi müştərilərə kredit verir. Uçot dərəcəsi aşağı salınırsa, banklar kredit verməkdə maraqlı olar. Bu həm də bankların nüfuzunun artmasına səbəb olar.
Bununla yanaşı, uçot dərəcəsinin aşağı salınması əmanətlərin həcminin artmasına da səbəb ola bilər”.
İqtisadçının sözlərinə görə, uçot dərəcəsinin aşağı salınması sahibkarlığın inkişafına şərait yarada bilər. Uçot dərəcəsinin aşağı salınması kreditlərə əlçatanlığı rahatlaşdıracaq. Həmçinin, uçot dərəcəsinin azaldılması manatın möhkəmlənməsinə səbəb olacaq.
Günel CƏLİLOVA