“Ölkə iqtisadiyyatının inkişafı ilin sonuna kimi Dövlət Neft Fondunun qızıl ehtiyatını təxminən iki dəfə artırmasına səbəb ola bilər”
Fikrət Yusifov: “Dövlətin maliyyə gücü dəyərləndirilərkən qızıl ehtiyatının səviyyəsi də mütləq ölçülərdən biri kimi qəbul olunur”
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin sonuna qızıl ehtiyatlarını təxminən iki dəfə artıraraq 100 tona çatdırmağı planlaşdırır. Bunu fondun icraçı direktoru Şahmar Mövsümov “Bloomberg” agentliyinə müsahibəsində bildirib: "Neft Fondu 2018-ci ildə qızıl alışını bərpa etdikdən sonra 2019-cu ildə qiymətli metal aktivini təxminən 2 dəfə artıraraq 100 tona çatdırmağı planlaşdırır".
Fondun aldığı bütün qızıl həcmləri Azərbaycana gətirilir və ARDNF-in binasında saxlanır. Ş.Mövsümov qızılın bir hissəsinin xaricdə saxlanmamasının etibarla əlaqədar olmadığını, sırf kommersiya qərarı olduğunu bildirib.
Məlumat üçün bildirək ki, ARDNF 2012-ci ildə qızıl alışına başlayıb. Ötən ilin sonuna Fondun investisiya portfelində olan qızılın həcmi 50,953 min kq təşkil edib. ARDNF-in investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri qızıla investisiya edilə bilər.
Ekspertlər Azərbaycan Dövlət Neft Fondunun ilin sonuna kimi qızıl ehtiyatlarını təxminən iki dəfə artırmasını nə dərəcədə mümkün sayırlar?
İqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkələrin qızıl ehtiyatının artırmaq istəyi hər zaman olub: “İmkan olduğu təqdirdə hər bir ölkə öz qızıl ehtiyatını artırmağa çalışır. Hesab edirəm ki, Azərbaycanın hazırkı maliyyə durumu imkan verir ki, Neft Fondunun qızıl ehtiyatı 2 dəfəyə yaxın artsın. Bu il neftin satış qiymətində gözlənilən sabitlik bu addımı atmağa şərait yaradır”.
Həmsöhbətimizin sözlərinə görə, beynəlxalq maliyyə müstəvisində baş verən hadisələr fonunda qızıl daha etibarlı yığım alətidir. Dövlətin maliyyə gücü dəyərləndirilərkən qızıl ehtiyatının səviyyəsi də mütləq ölçülərdən biri kimi qəbul olunur. Bu baxımdan, Neft Fondunun qızıl ehtiyatını artırmaqla bağlı planları normal bir haldır.
Ekspert hesab edir ki, ölkə iqtisadiyyatının inkişafı ilin sonuna kimi Dövlət Neft Fondunun qızıl ehtiyatını təxminən iki dəfə artırmasına səbəb ola bilər.
Günel CƏLİLOVA