2018-ci ildə Azərbaycanda xarici vətəndaşlar bank kartları vasitəsilə 1278,4 milyon manat xərcləyib ki, bu da 2017-ci illə müqayisədə 256 milyon manat və ya 25 faiz çoxdur.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ramin Hüseyn deyib.
Analitikin sözlərinə görə, 2018-ci ildə Azərbaycana 196 ölkədən 2849,6 min turist gəlib. Bu göstərici 2017-ci illə müqayisədə 5,7 faiz çoxdur.
Azərbaycana gələn xarici ölkə vətəndaşlarından 30,9 faizi Rusiya, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi BƏƏ, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrdən olub.
Ekspertlər ötən il ölkəyə gələn turistlərin bank kartı vasitəsilə xərclədiyi vəsaitin 2017-ci ilə nisbətdə artmasının gözlənilən olduğunu qeyd edir.
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov bizimlə söhbətində qeyd etdi ki, inkişaf etmiş ölkələrdə nağdsız hesablaşmalar ticarət, iaşə və sair xidmət müəssisələrində, yaxud turistlər tərəfindən geniş istifadə olunur. Son dövrlərdə elektron ticarətin geniş vüsət alması da belə bir şərait yaradır ki, hesablaşmalar plastik kartla - nağdsız şəkildə həyata keçirilir. Bu, beynəlxalq təcrübədən Azərbaycana keçən çox yaxşı və effektiv üsullardan biridir”.
Həmsöhbətimizin sözlərinə görə, turistlər tərəfindən nağdsız ödənişlərin həcminin artması son illər bu sahədə aparılan işlərin nəticəsidir: “Turistlər nağdsız ödənişdən əsasən dükanlarda, restoran və ya istirahət mərkəzində istifadə edir. Nağdsız ödəniş sistemi həm ölkə üçün, həm də turist üçün sərfəlidir. Turist əlində olan vəsaiti milli valyutaya dəyişmək üçün əziyyət çəkmir. Plastik kart vasitəsilə alış-veriş edir. Artıq bütün dünyada nağdsız ödəniş sistemi geniş yayılıb”.
Günel CƏLİLOVA