“Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması manatın stabilliyini qoruyacaq”
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 9,75 faizdən 9,25 faizə qədər azaldıb.
Bunu AMB-nin sədri Elman Rüstəmov fevralın-də keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, uçot dərəcəsinin yuxarı həddi 11,75 faizdən 11,25 faizədək, aşağı həddi isə 7,75 faizdən 7,25 faizədək endirilib.
AMB sədri bildirib ki, uçot dərəcəsinin və faiz dəhlizinin göstəricilərinin azaldılması neft qiymətlərinin sabitləşməsi, aşağı inflyasiya və sabit makroiqtisadi vəziyyətlə əlaqəlidir.
Mərkəzi Bankın uçot dərəcəsini azaltmasına münasibət bildirən iqtisadçı ekspert İlham Əzizov qeyd etdi ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması manatın stabilliyini qoruyacaq: “Uçot dərəcəsinin aşağı salınması manatla kreditləşməyə təkan olacaq. Manatla kreditləşmə artarsa, iqtisadiyyatın digər sahələri inkişaf edəcək.
Məlumdur ki, ötən il Dövlət Neft Fondunun aktivləri 3 milyarda yaxın artdığı üçün bazarda valyutanın alış-verişi normallaşıb. Hazırda ilin əvvəli olduğu üçün müqavilələrin bağlanması prosesi gedir. Xarici ölkələrə valyutanın ödənilməsi prosesinin ən çətin vaxtları sentyabr-oktyabr ayları olur. Bu baxımdan, hazırda vəziyyət yaxşıdır”.
İqtisadçı hesab edir ki, uçot dərəcəsinin aşağı salınması həm də inflyasiya gözləntilərini yaxşılaşdırır. Zatən ölkə rəhbərliyinin qarşıya qoyduğu məqsəd il ərzində inflyasiyanın 2-3% dəyərində olmasıdır. Bu normal inflyasiyadır, hətta inkişafa belə gətirə bilər.
Günel CƏLİLOVA`