Vüqar Bayramov: “Dövlət, praktiki olaraq, regionlarda infrastrukturun formalaşması istiqamətində fəaliyyətini davam etdirir”
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 milyard manat vəsait sərf olunub. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.
Nazir bildirib ki, proqram üzrə sahibkarlığın inkişafı üçün dövlət başçısı tərəfindən xeyli sayda sərəncam imzalanıb, onlara bir sıra güzəştlər tətbiq edilib.
Dövlət Proqramı çərçivəsində son beş il ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı 24 milyard manat sərf olunub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 24 milyard manatın hansı sahələrə sərf olunduğu və əldə olunan nəticələr barədə fikir bildirən iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər“ə açıqlamasında qeyd etdi ki, regionlara investisiyanın cəlb olunması vacibdir. Regionlara investisiyanın cəlb olunması bölgələrdə infrastrukturun formalaşmasına imkan verir. İnfrastrukturun formalaşması bölgələrin sosial-iqtisadi inkişafı və regionlara sərmayənin cəlb olunması baxımından əhəmiyyətlidir. Dövlət, praktiki olaraq, regionlarda infrastrukturun formalaşması istiqamətində fəaliyyətini davam etdirir. Nəzərə almaq lazımdır ki, bu birbaşa dövlət dəstəyilə həyata keçirilir. Regionların sosial-iqtisadi inkişaf istiqamətində dövlət dəstəyinin gücləndirilməsi imkan verir ki, daha çox sərmayənin cəlb olunması mümkün olsun. Bu baxımdan, ötən müddətdə infrastrukturun inkişafı istiqamətində addımlar xüsusən yeni sərmayənin cəlb olunmasına imkan yaratdı”.
Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı istiqamətində 24 milyard manat vəsaitin sərf olunması sahibkarlığın inkişafına da səbəb olub.
Həmsöhbətimiz hesab edir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiqlənən növbəti proqram isə bölgələrin iqtisadi inkişafı ilə bağlı keyfiyyət dəyişikliyinə səbəb olacaq.
Günel CƏLİLOVA