Aydın Hüseynov: “Növləti Dövlət Proqramı ölkə iqtisadiyyatının yüksək səviyyədə inkişafının davamı olacaq”
Ötən gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Konfransda bir sıra məsələlər müzakirə olunub. Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrası zamanı əhalinin məşğulluğu təmin olunub, işsizlik problemi əsaslı surətdə aradan qaldırılıb.
2014-2018-ci illər ərzində regionlarda əhalinin işsizlik probleminin həlli, məşğulluğun artırılması ilə bağlı fikir bildirən millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bütün dövlət proqramlarının başlıca məqsədi regionlar üzrə iqtisadiyyatın tarazlı şəkildə inkişafıdır: “2014-2018-ci illər üzrə regionların inkişafı proqramının Azərbaycan vətəndaşlarının işlə təmin olunması, onların sosial rifahının yüksəldilməsinin təmin edilməsində mühüm rolu olub. Məlumdur ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramı icra olunub. Həmin dövlət proqramlarının icrası nəticəsində ölkə iqtisadiyyatına 250 milyarddan çox investisiya yatırılıb, 200-ə yaxın məktəb tikilib, bir qismi isə yenidən təmir olunub, 600-dən çox xəstəxana, idman kompleksləri əhalinin istifadəsinə verilib. Bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlər hədsiz saydadır.
Regionların sosial-iqtisadi inkişafı proqramı ilə bağlı olaraq 2 milyona yaxın yeni iş yeri açıldı. Bunun da mütləq əksəriyyəti daimi iş yerləridir. Bəllidir ki, hər il ölkəmizdə əmək bazarına 100 minə yaxın insan üz tutur. Bu isə ölkə əhalisinin gəncləşməsinin bir göstəricisi deməkdir ki, hər il əmək qabiliyyətli gənclər böyüyür. Onların işlə təmin olunması ilə bağlı dövlət tərəfindən mühum addımlar atılır. Atılan addımları isə Prezident tərəfindən qəbul olunan proqramlar tənzimləyir. Növləti Dövlət Proqramı ölkə iqtisadiyyatının yüksək səviyyədə inkişafının davamı olacaq. Vətəndaşların işsizlik problemi tam olaraq həll olunacaq, məşğulluq isə artırılacaq”.
Günel CƏLİLOVA