Vüqar Bayramov: “Bu ondan xəbər verir ki, sosial məsələlər, onların həlli ölkə üçün prioritetdir”
“Bəzi hallarda bazar iqtisadiyyatı sosial siyasətlə o qədər də uzlaşmır”. Bunu Prezident İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxışı zamanı deyib. Ölkə başçısının sözlərinə görə, indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatının öz qanunları var: “Bəzi hallarda bazar iqtisadiyyatı sosial siyasətlə o qədər də uzlaşmır. Hesab edirəm ki, ölkəmizin uğurlu inkişaf modeli bu iki önəmli amilin hər iki istiqamətini özündə ehtiva edir”.
Dövlət başçısı onu da deyib ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, ünvanlı sosial yardım proqramı çox geniş miqyas alıb: “Biz indi hələ ki, işlə özünü təmin edə bilməyən vətəndaşlar üçün yeni imkanlar axtarırıq, tapırıq, özünüməşğulluq proqramı artıq geniş vüsət alacaqdır. Təkcə bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Nəyə görə? Çünki imkanı olmayan ailələr dövlət tərəfindən xüsusi vasitələrlə təmin olunsunlar ki, onlar özləri üçün kiçik biznes qura bilsinlər. Bütün bu işləri görmək üçün əlbəttə ki, ölkəmizdə bugünkü siyasət davam etdirilməlidir. Bu siyasət yeganə düzgün siyasətdir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında müstəqil ölkə kimi özünü göstərə bilib”.
Reallıq ondan ibarətdir ki, Azərbaycanda bazar iqtisadiyyatı ilə sosial siyasət arasında uğurlu vəhdət yaradılıb. Maraqlıdır, ümumilikdə, Azərbaycan buna necə nail ola bilib? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov buna aydınlıq gətirərək bir sıra məqamlara toxundu: “Bazar iqtisadiyyatı siyasətini həyata keçirən ölkələrdə sosial sferada dövlət dəstəyinin artırılması vacib məqamlardan biridir. Azərbaycanın liberal iqtisadi siyasət həyata keçirməsinə baxmayaraq, ölkədə sosial siyasətə xüsusi önəm verilir. İnfrastrukturun yenilənməsi, məşğulluğun təmin edilməsi və digər məsələlərlə bağlı bir sıra sosial proqramlar həyata keçirilir. Ümumilikdə, sosial yardım proqramlarının həcminin artırılması prioritet olduğu üçün, sözügedən məsələ ölkəmizdə yüksək səviyyədə həyata keçirilir. Belə ki, regionların inkişafı daxil olmaqla, digər proqramlara diqqətlə yanaşılır. Regionların inkişafına dair Dövlət Proqramına diqqət yetirsək görərik ki, sözügedən sənəd sosial-iqtisadi inkişafı özündə ehtiva edən proqramdır. Bu isə ondan xəbər verir ki, sosial məsələlər, onların həlli Azərbaycan üçün prioritetdir. Azərbaycan bazar iqtisadiyyatını formalaşdıran ölkə olmaqla yanaşı, həm də sosial istiqamətdə daha çox vəsaitlərin ayrılması, birbaşa sosial proqramların maliyyələşdirilməsi siyasəti yeridir. Məşğulluğun təmin edilməsi ilə yanaşı, mənzil probleminin həllində dövlətin rolu artırılır. O baxımdan, sosial proqramların sayında artımlar və bu istiqamətdə həyata keçirilən siyasət ondan xəbər verir ki, növbəti dövrlərdə də sosial müdafiə və təminatın gücləndirilməsi prioritet olaraq qalacaq. Bütün bunlar ölkədə bazar iqtisadiyyatı ilə sosial siyasəti uğurlu şəkildə uzlaşdırır”.
Vidadi ORDAHALLI