Vüqar Bayramov: “Cari il ərzində Mərkəzi Bank manatın məzənnəsini qoruyub saxlaya biləcəksə, bu, inflyasiya dərəcəsini xeyli azaldacaq”
Azərbaycanda inflyasiyanın cari il ərzində 4 faiz səviyyəsində olacağı iddia olunur. Bu günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, 2019-cu ildə son hədəf inflyasiyanı 4 faiz səviyyəsində saxlamaq olacaq: “İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək. Manatın ikitərəfli məzənnəsinin dayanıqlığı növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq. Faiz siyasəti inflyasiya üzrə hədəfə nail olmaqdan asılı olaraq həyata keçiriləcək. Faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risqlər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək".
2019-cu ildə ölkədə inflyasiyanın 4 faiz səviyyəsində olacağına münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, inflyasiyanın səviyyəsi birbaşa manatın məzənnəsi ilə bağlıdır. Manatın məzənnəsi inflyasiyaya təsir göstərən əsas faktorlardan biridir: “Nəzərə almaq lazımdır ki, Azərbaycanda yüksək inflyasiya manatın məzənnəsi dəyişən dövrlərdə olub. Bu hal isə 2015-2016-cı illərdə olub.
Cari il ərzində Mərkəzi Bank manatın məzənnəsini qoruyub saxlaya biləcəksə, bu, inflyasiya dərəcəsini xeyli azaldacaq və birrəqəmli inflyasiyaya nail olmaq mümkün olacaq. Manatın məzənnəsi xarici valyutaya nisbətən dəyişərsə, o zaman ölkəyə idxal olunan məhsulların qiyməti artar. Nəticədə daha yüksək inflyasiyanın baş verməsinə səbəb olar. Bu səbəbdən də Mərkəzi Bankın məzənnə siyasəti 2019-cu ilin inflyasiya səviyyəsi üçün çox önəmli olacaq. Birrəqəmli inflyasiyaya nail olmaq üçün Mərkəzi Bank makroiqtisadi stabilliyi davam etdirməlidir”
Günel CƏLİLOVA