“Struktur islahatları biznes mühitinin daha da yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərəcək”
Məlum olduğu kimi, yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı" kompleksinin açılışında iştirak edib. Prezident açılış zamanı bir sıra məsələlərə toxunub. O cümlədən, struktur islahatları haqqında da danışıb. Dövlət başçısı qeyd edib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır: “Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir”.
İslahatlar zamanı işçilərin ixtisar olunmaması tapşırığına fikir bildirən iqtisadçı ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dövlət idarəçiliyinin dəyişdirilməsi struktur islahatları çərçivəsində həyata keçirilən bir addımdır: “Struktur islahatları biznes mühitinin daha da yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərəcək. Bu kontekstdə son addımlar Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir. Aqrar sahədə islahatların həyata keçirilməsinin məqsədi qeyd olunan sahənin inkişaf etməsi ilə bağlıdır.
İslahatlar zamanı işçilərin ixtisar olunmaması gözəl təşəbbüsdür. Hər hansı bir idarə və ya qurum ləğv olunarsa, o sektorda çalışan iççilər başqa şöbəyə köçürüləcək. Beləliklə işçilər işsiz qalmayacaq. Nəzərə almaq lazımdır ki, aqrar sahə elə bir sektordur ki, burada daha çox işçiyə ehtiyac var. Bu səbəbdən də islahatlar zamanı işçilərin digər sahələrə yönləndirilməsi müsbət haldır”.
Günel CƏLİLOVA