Qadir Bayramlı: “Gənclərin aqrar sahəyə marağının daha da artması üçün onlara uzunmüddətli, faizsiz kreditlər verilməlidir”
Aqrar sahənin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub.
Məlumdur ki, kənd təsərüfatının inkişafı qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Bu sektorun inkişafı ilə bağlı layihələr həyata keçirilir. Görülən işlərin müsbət nəticəsi artıq ictimaiyyətə açıqlanır.
Bu günlərdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edən dövlət başçısı İlham Əliyev qeyd edib ki, aqrar sahənin inkişafına gənclər maraq göstərir: “Azərbaycan gəncləri aqrar sahəyə çox böyük maraq göstərirlər. Bu, Azərbaycanda doğrudan da bir yenilikdir. Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər dövlət kənd təsərrüfatına dəstək verirsə, həm gəliri olacaq, həm maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək”.
Azərbaycan gənclərinin aqrar sahəyə maraq göstərməsinin əhəmiyyəti barəsində danışan Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, aqrar sahənin inkişafı gənclərin bu sektora meyl etməsinə səbəb olub.
Ekspertin sözlərinə görə, gənclərin aqrar sahəyə bağlanması üçün kənddən şəhərə axınının qarşısı alınmalıdır. Son zamanlar müəyyən qədər də olsa kəndə dönüş faktı qeydə alınır. Bununla yanaşı, gənclərin kənd təsərrüfatına marağının daha da artmasının yolları axtarılmalıdır: “Bir sıra xarici ölkələrdə kənd yerlərində yaşayanlara xüsusi əməkhaqqı verilir. Eyni qayda ölkəmizdə də tətbiq oluna bilər. Kəndlərdə çalışan gənclərin əməkhaqları əmsallar tətbiq edilərək artırıla bilər. Xüsusilə gənc fermerlərə uzun müddətə faizsiz və ya çox az faizlə kreditlərin verilməsi mümkündür. Onlar kənd təsərrüfatı texnikası, hətta minik avtomobilləri ilə daha ucuz qiymətlə təmin edilə bilər.
Həmçinin, yüksək səviyyədə istirahət və əyləncə mərkəzlərinin qurulması da bu işə öz töhfəsini verə bilər. Bundan başqa, ailə həyatı qurmağa hazırlaşan gənclərə ev tikilməsi üçün çətinlik çəkmədən ödəyə biləcəkləri kreditlər verilməlidir. Gənc fermerlər üçün ilk mərhələdə pilot layihələr şəklində dövlət dəstəyilə kooperativlər təşkil edilməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bir sıra xarici ölkələrdə olduğu kimi, bizdə də kənd gənclərinin forumları təşkil edilə bilər: “Bunu da ənənə halına gətirmək lazımdır”.
Günel CƏLİLOVA