Rəşad Həsənov: “Müasir infrastruktur dedikdə daha çox intellektual əsaslarla idarə olunan layihələr nəzərdə tutulur”
Azərbaycanın müasir nailiyyətləri ölkənin sosial-iqtisadi həyatında da özünü göstərir. Müasir infrastruktur layihələri ölkənin hər bir bölgəsini daha cazibədar və rəngarəng edib. Tək paytaxt ərazisində deyil, eyni zamanda, regionlarda yeni sosial layihələr həyata keçirilir. Yollar təmir edilir, şəhər və rayonların müasir görkəmi əhalinin rahatlığına şərait yaratmaqla yanaşı, onun zövqünü də oxşayır.
Bəllidir ki, artıq ölkəmizdə bütün müasir infrastruktur yaradılıb. Dəniz limanları, dəmir yolları, aeroportlar, avtomobil yolları yaradılaraq müasir standartlara cavab verir. Bununla yanaşı, Azərbaycanın əsas hədəflərindən biri müasir infrastrukturun yaradılmasıdır.
Bir neçə gün öncə Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) kanalına müsahibə verərkən qeyd edib ki, Azərbaycana və onun sərhədlərindən kənara sərmayə yatırılıb: “İlkin olaraq prioritet, əlbəttə ki, müasir infrastrukturun yaradılması idi. Bu infrastruktur da, öz növbəsində, investorlar, biznes dairələri üçün çoxlu potensial və insanlarımız üçün rahatlıq yaradacaq. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir”.
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, davamlı olaraq infrastrukturun təkmilləşdirilməsi təcrübəsi göstərir ki, bu, biznesin inkişafına təsir edən faktorlardan biridir: “Bu səbəbdən də son illər ölkəmizdə infrastruktura həm büdcə, həm də digər mənbələr hesabına qoyulan vəsait ölkə iqtisadiyyatının inkişafını şərtləndirəcək. Müasir infrastruktur dedikdə daha çox intellektual əsaslarla idarə olunan layihələr nəzərdə tutulur. Xüsusilə yol infrastrukturu, dəmir yolu nəqliyyat sistemlərinin idarə olunmasının bu sahədə rolu böyükdür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, beynəlxalq təcrübəyə əsasən, infrastrukturun müasirləşdirilməsi istiqamətində atılan addımlarla iqtisadiyyatın liberallaşdırılması və rəqabət mühitinin formalaşdırılması istiqamətində atılan addımlar paralel formada həyata keçirilməlidir. Əks halda, infrastruktur uzun müddət öz dayanıqlığını qoruyub saxlaya bilmir.
İqtisadçının sözlərinə görə, infrastruktura yatırılan investisiyaların, dövlət vəsaitlərinin səmərəliliyinin təmin olunması ilə paralel olaraq iqtisadi sferada islahatlar aparılmalı və biznes mühitinin təşviqi institutları formalaşdırılmalıdır. Son üç ildə bu sahədə müəyyən addımlar atılıb və atılacaq.
Günel CƏLİLOVA