Müslüm İbrahimov: “Artıq bu sferada 2019-cu ildə daha böyük nəticələrin əldə ediləcəyi gözlənir”
İnfrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq. Bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada aparıcının sualını cavablandırarkən deyib.
Dövlət başçısının sözlərinə görə, infrastruktur əsasən dövlət büdcəsi hesabına maliyyələşir: “Hesab edirəm ki, infrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərəhlənə bilərik”.
İlham Əliyev vurğulayıb ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, yolların keyfiyyətinə gəlincə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb: “Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə etdik. Sonra, əlbəttə ki, bu, biznes mühitinin yaradılmasına gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük”.
Azərbaycanda aparılan məqsədyönlü siyasət nəticəsində son illər infrastruktur əhəmiyyətli dərəcədə inkişaf edib. Bütün bunlar biznesin daha da inkişafına əlavə stimul verir.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad elmləri doktoru Müslüm İbrahimovun sözlərinə görə, Azərbaycanın investisiya siyasəti ondan ibarətdir ki, neft və qazdan əldə edilən ixrac gəlirləri digər sahələrin inkişafına yönəlsin: “Bura həm infrastruktur daxildir, həm də digər sahələr. Nəzərə almaq lazımdır ki, ölkənin qeyri-neft sektorunda daha çox dövlət investisiyaları iştirak edir. Son illər Azərbaycanda infrastrukturun yenilənməsi ilə bağlı çox böyük işlər görülüb. İnfrastrukturun əsas sahələri qeyri-neft sektoru ilə bağlıdır. Yeyinti və yüngül sənayenin inkişafı üçün avadanlıqlar ölkəyə gətirilib. Bütün bunlar dövlət xərcləri əsasında formalaşır. Dövlətin investisiyaları hesabına infrastrukturun formalaşması iqtisadiyyata özəl sərmayə axınını gücləndirir. Çünki bunun sayəsində qeyri-dövlət investisiyaları iqtisadiyyata yönəlir. Bütün bunlar ölkədə qeyri-neft sektorunun inkişafına təkan verir. Bundan başqa, onu da nəzərə almaq lazımdır ki, neft gəlirləri hesabına ölkədə makroiqtisadi sabitlik təmin olunub. Ölkədə davamlı iqtisadi inkişaf göz qabağındadır. İqtisadi artım yüksələn xətt üzrə inkişaf edir. Eyni zamanda, manatın kursu sabit saxlanıb. Bütün bunlarda neft gəlirlərinin rolu böyükdür. Bir sözlə, dövlət vəsaiti hesabına yatırılan investisiyalar qeyri-neft sektorunda inkişafı təmin edib. Təsadüfi deyil ki, get-gedə qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi artır. Artıq bu sferada 2019-cu ildə daha böyük nəticələrin əldə ediləcəyi gözlənir. Başqa bir tərəfdən, neft gəlirləri hesabına minlərlə tələbə müxtəlif xarici ölkələrdə təhsil alıb. Təsadüfi deyil ki, xaricdə təhsil alan mütəxəssislər struktur islahatlarında fəal rol oynayırlar. Bundan o nəticə hasil olur ki, neft-qaz gəlirlərinin investisiya formasında qeyri-neft sektoruna yönəldilməsi müsbət effekt verir. Artıq Azərbaycanda insan kapitalının formalaşması da başlayıb. Bütün bunlar əlbəttə ki, Azərbaycanın əldə etdiyi uğurlardan irəli gəlir”.
Vidadi ORDAHALLI