Vüqar Bayramov: “Azərbaycan məhsullarının Çinə ixrac olunması…”
Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlardan biri də ixracın təşviqidir. Məlumdur ki, hazırda bir çox Şərq və Avropa ölkəsinə ixrac missiyaları həyata keçirilir. “Made in Azerbaijan” brendi altında ixrac olunan məhsullara əsasən meyvə-tərəvəz, spirtli və spirtsiz içkilər, şəkər, müxtəlif yağlar, çay, plastik məhsullar, kimya məhsulları daxildir. Bu məhsulların təşviqi üçün bir çox xarici ölkəyə ixrac missiyaları göndərilib.
“Made in Azerbaijan” brendinin tanıdılması üçün Azərbaycanın ixrac missiyası göndərdiyi ölkələrdən biri də Çindir. Bu günlərdə Çin televiziyasına müsahibə verən Prezident İlham Əliyev Azərbaycanın ixrac missiyası haqqında da danışıb. Prezident qeyd edib ki, ticarəti inkişaf etdirmək məqsədilə biz bir neçə ixrac missiyasını Çinin müxtəlif bölgələrinə göndərmişik.
Ticarəti inkişaf etdirmək məqsədilə Çinin müxtəlif bölgələrinə ixrac missiyasının göndərilməsinin əhəmiyyəti barəsində danışan iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2018-ci ildə Azərbaycan qeyri-neft ixracatında əsas ölkələrdən birinə çevrilib. Qeyri-neft məhsulları bir çox xarici ölkəyə, o cümlədən, Çinə də ixrac olunur: “Qeyri-neft məhsullarının Çin bazarına ixrac olunması ölkə iqtisadiyyatı üçün önəmlidir. Bəllidir ki, əvvəllər Azərbaycan məhsulları daha çox ənənəvi bazarlara ixrac edilirdi. 2018-ci ildən etibarən Çin bazarı Azərbaycan üçün qeyri-neft ixracatçısı kimi cəlbedici oldu. Nəzərə almaq lazımdır ki, Çin bazarı olduqca böyükdür. Eyni zamanda, Çin bazarında Azərbaycan məhsullarına böyük tələbat var. Xüsusən də meyvələrdən nara Çin bazarında maraq var”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan tərəfi qeyri-neft məhsullarını Çinə ixrac etməkdə maraqlıdır. Çin bazarı həm də cəlbedicidir. Həmçinin, adıçəkilən ölkə turizm baxımından da Azərbaycan üçün maraqlıdır. Turizmin və turizm gəlirlərinin formalaşmasında Çin əhəmiyyətli paya malikdir. Bu baxımdan, Çin həm ixrac, həm də turizm baxımından Azərbaycan üçün vacib tərəfdaşlardan birinə çevrilə bilər. İxrac missiyaları da iki ölkə arasında iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsinə səbəb olacaq.
Günel CƏLİLOVA