“Bu, gələcəkdə DB qurumlarının imkanlarından ölkənin daha çox faydalanmasına şərait yarada bilər”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb. Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu bildirən xanım K.Georgiyeva qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. O bildirib ki, DB Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Bu islahatlar Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin yaranmasına mühüm dəstək verəcək.
Bununla yanaşı, DB-nin baş icraçı direktoru Azərbaycanın Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında, həm də Beynəlxalq Maliyyə Korporasiyasında səhmdarı olduğu institutlarda öz səhmlərinin artırılması məsələsinin nəzərdən keçirilməsini təklif edib. Bildirib ki, bu, Azərbaycanın gələcək iqtisadi inkişafına DB tərəfindən əlavə dəstək göstərilməsinə kömək edə bilər.
Prezident İlham Əliyev DB ilə əməkdaşlıqdan razılığını ifadə edib və bankın daim Azərbaycana lazımi dəstək göstərdiyini vurğulayıb. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın DB qrupuna daxil olan institutlarda səhmlərinin artırılması və Beynəlxalq İnkişaf Assosiasiyasının həyata keçirdiyi yoxsul ölkələrə yardım proqramlarında donor kimi çıxış etmək məsələləri barədə yekun qərarların qəbul olunması üçün müvafiq arayışların təqdim edilməsinə dair aidiyyəti qurumlara tapşırıqlar verib.
Maraqlıdır, DB qrupuna daxil olan institutlarda səhmlərinin artırılması Azərbaycana nə verə bilər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, səhmlərin artırılması Azərbaycana bir sıra dividendlər verə bilər: “Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi, səhmlərin artırılması Azərbaycana çox böyük iqtisadi dividendlər verə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə edəndən sonra Dünya Bankı ilə əməkdaşlıq edir. Sözügedən əməkdaşlıq hər il daha da dərinləşir. O da məlumdur ki, Dünya Bankının bir sıra aparıcı təşkilatları var. Həmin qurumlarla Azərbaycan müxtəlif birgə layihələr həyata keçirir. Eyni zamanda, digər layihələrlə bağlı əməkdaşlıq edir. Sözügedən layihələr içərisində Azərbaycanda reallaşdırılan, ölkənin infrastruktur sferasına və başqa sahələrə aid olan layihələr kifayət qədərdir. O cümlədən, aqrar sahədə, nəqliyyat sektorunda və digər sahələrdə Azərbaycanla DB arasında əməkdaşlıq var. Təbii ki, bütün bu qurumlarla əməkdaşlığın genişləndirilməsi, münasibətlərin bu formada daha da dərinləşdirilməsi müsbət perspektiv vəd edir. Məsələ ondadır ki, bu, gələcəkdə DB qurumlarının imkanlarından Azərbaycanın daha çox faydalanmasına şərait yarada bilər. Daha sərfəli şərtlərlə kredit götürə bilər və s. Ona görə də hesab edirəm ki, Azərbaycanın bununla bağlı atdığı addım müsbətdir. Hesab edirəm ki, belə bir nüfuzlu beynəlxalq maliyyə qurumu ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi, ümumilikdə, ölkə iqtisadiyyatına yaxşı töhfələr gətirəcək”.
Vidadi ORDAHALLI