Aydın Hüseynov: “Hazırda ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının böyük tətbiqi müşahidə olunduğu üçün, xarici şirkətlər Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır”
Məlum olduğu kimi, İsveçrənin Davos şəhərində 49-cu Dünya İqtisadi Forumu öz işinə başlayıb. Ənənəvi olaraq, hər il keçirilən forum qlobal əhəmiyyətli məsələlərin müzakirə edildiyi önəmli platformaya çevrilib. Bu cür mötəbər tədbirdə ölkə başçısı İlham Əliyev də mütəmadi iştirak edir.
Prezident yanvarın 22-də Davosda bir sıra şirkət rəsmiləri ilə, o cümlədən, “SAP SE” şirkətinin baş icraçı direktoru Bill MakDermotla görüşüb. Görüş zamanı,B.MakDermot bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və ölkəmizin inkişaf proqramları onlarda böyük maraq oyadıb. Şirkətin artıq Bakıda ofis açdığını deyən B.MakDermot Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasına və rəqəmsal iqtisadiyyatın formalaşmasına “SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə edib: “Şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər. Azərbaycanın dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasət bu inamı yaradır”.
Rəqəmsal iqtisadiyyatın formalaşmasında xarici şirkətlərin Azərbaycanla əməkdaşlıq etmək istəyinə münasibət bildirən millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, inkişaf etmiş ölkələrdə innovativ tədbirlər həyata keçirilir. Hazırda ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının böyük tətbiqi müşahidə olunduğu üçün, xarici şirkətlər Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır: “Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Məlumdur ki, orbitdə bizim peyklərimiz var. Ölkəmiz rəqəmsal, internet resurslardan istifadə etmək imkanına malikdir. Ölkə başçısı İlham Əliyev də bu sahəyə xüsusi diqqət göstərir. Eyni zamanda, qeyd olunan sahənin inkişafı ilə bağlı layihələr həyata keçirilir. Prezident mütəmadi olaraq İKT sahəsi ilə məşğul olan məşhur şirkətlərin nümayəndələri ilə görüşür. “Microsoft” və digər şirkətlərin nümayəndələri ilə görüşən zaman əməkdaşlıq məsələsi də müzakirə olunur. Bu kimi görüşlər ondan xəbər verir ki, gələcəkdə Azərbaycan iqtisadiyyatında yeniliklərə üstünlük veriləcək.
Günel CƏLİLOVA