“Maliyyə sektoruna yatırılan investisiyaların həcminin artması səbəblərindən biri də manatın məzənnəsinin stabil qalmasıdır”
Könül Nuriyeva: “Son illər bank sektoruna inamın bərpa olunması nəticəsində qeyd olunan sahəyə yatırılan sərmayənin həcmi artıb”
Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 41,9 mln. manatı və yaxud 0,2 faizi maliyyə və sığorta fəaliyyətinə yönəlib. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, bu, 2017-ci illə müqayisədə 2,8 dəfə çoxdur.
Qeyd edək ki, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 238,2 mln. manat və yaxud əvvəlki ilə nisbətən 4,4% az vəsait yönəldilib.
Ötən il Azərbaycanda maliyyə sektoruna yatırılan investisiyaların 3 dəfəyə yaxın artması barədə fikir bildirən iqtisadçı-ekspert Könül Nuriyeva bizimlə söhbətində qeyd etdi ki, son illər ölkə iqtisadiyyatına yatırılan sərmayələrin həcmi artıb. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yatırım edilir: “Danılmaz faktdır ki, hazırda əsas üstünlük qeyri-neft sektorundadır. Ancaq bununla yanaşı, maliyyə sektoruna da investisiya yatırılır. Bəllidir ki, ötən illər maliyyə sektoruna qoyulan sərmayənin həcmində azalma var idi. Artım daha çox ötən il qeydə alınıb. Maliyyə sektoru deyəndə, ilk olaraq bank və sığorta sistemi nəzərdə tutulur. Son illər bank sektoruna inamın bərpa olunması nəticəsində qeyd olunan sahəyə yatırılan sərmayənin həcmi artıb.
Maliyyə sektoruna yatırılan investisiyaların həcminin artması səbəblərindən biri də manatın məzənnəsinin stabil qalmasıdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, hazırda yerli investorlar tərəfindən qeyri-neft sektoruna sərmayə qoyulur: “İnvestorlar qeyri-neft sektorunun müxtəlif sahələrinə sərmayə yatırırlar. Üstünlük daha çox yüngül sənaye sahələrində qeydə alınıb”.
Ekspertin sözlərinə görə, Azərbaycanın investisiya mühiti xarici investorlar üçün sərfəlidir. Ölkədə sabitliyin hökm sürməsi, investorlar üçün rahat şəraitin yaradılması onların bu sahəyə marağını artırıb.
Günel CƏLİLOVA