Rəşad Həsənov: “Təqdirəlayiq məqam ondan ibarətdir ki, 2016-cı ildə icrasına start verilmiş özünüməşğulluq proqramının əhatə dairəsi kifayət qədər genişlənib, açılan yeni iş yerlərinin sayı artıb”
Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilə nisbətən 8,1% çox olmaqla 51 774 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.
Ötən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər təşkil edib. Onlardan biznes-planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub. Həmin şəxslərdən 1309 nəfərini qadınlar, 1255 nəfərini məcburi köçkünlər, 816 nəfərini ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 1026 nəfərini gənclər, 158 nəfərini şəhid ailəsi üzvləri, 913 nəfərini əlilliyi olan şəxslər və başqaları təşkil edib.
Ölkə iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər sayəsində son illər dövlət dəstəyilə çoxlu sayda müəssisə yaradılıb. Bu müəssisələr həm yerli istehsalı gücləndirir, həm də yeni iş yerlərinin açılmasına xidmət edir. Eyni zamanda, yeni iş yerlərinin açılması və əhalinin məşğulluq pobleminin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
İqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məşğulluq xidmətinin funksiyalarından biri işsiz insanların gələcək dövrdə işlə təmin olunmasıdır: “Regional məşğulluq xidməti orqanlarına dövlət və özəl sektorda vakant iş yerləri barədə məlumat verilir. Eyni zamanda, əhalinin əmək qabiliyyətinin əmək bazarının tələbinə uyğunlaşdırılması, sonradan onların işlə təmin olunması üçün müəyyən təlimlərə yönləndirilir”.
Həmsöhbətimiz qeyd etdi ki, son zamanlar 52 minə yaxın insan işlə təmin olunub: “Təqdirəlayiq məqam onda ibarətdir ki, 2016-cı ildə icrasına start verilmiş özünüməşğulluq proqramının əhatə dairəsi kifayət qədər genişlənib. Bu istiqamətdə təxminən 2017-ci illə müqayisədə çoxlu sayda insanın layihəsi baş tutub. 7300-ə yaxın vətəndaş öz biznesini qurmaq üçün maliyyə dəstəyi əldə edib. Bunun özü növbəti dövrdə layihənin daha da genişlənməsinə səbəb olacaq”.
İqtisadçının sözlərinə görə, ölkədə Məşğulluq Strategiyası qəbul olunub. Məşğulluq Strategiyasının hədəflərindən biri məhz regional məşğulluq xidmətinin təkmilləşdirilməsidir. Məlumdur ki, bununla bağlı müəyyən qərarlar qəbul olunub. Əsas hədəflərdən biri vakansiya bankının yaradılmasıdır. Bütün bu fəaliyyətlər məşğulluq xidməti orqanlarının öz işlərini daha effektiv formada həyata keçirməsi üçün platforma yaradır. Vətəndaşlar vakansiya bankından istifadə etməklə özləri üçün iş tapa bilir. Növbəti dövrdə məşğulluq xidməti orqanının əhalinin həyat səviyyəsinin artırılmasında fəaliyyəti daha da genişlənəcək. Eyni zamanda, real fəaliyyətin mövcudluğu təmin olunacaq.
Günel CƏLİLOA