Fuad İbrahimli: “Xarici ticarətdə müsbət saldonun olması makroiqtisadi sabitliyin qorunub saxlanmasında vacib amildir”
Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ildə Azərbaycan xarici ölkələrlə 30,924 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, bu, 2017-ci illə müqayisədə 37% çoxdur.
Qeyd edək ki, ötən il ticarət dövriyyəsinin 19,459 mlrd. dolları ixracın, 11,465 mlrd. dolları idxalın payına düşüb. Bir ildə ixrac 41%, idxal isə 31% artıb. Beləliklə, xarici ticarətdə 7,994 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 2017-ci ilə nisbətən 59% çoxdur.
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosunun 59 faiz artması barədə fikir bildirən iqtisadçı- ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müsbət saldo idxal-ixrac əməliyyatları arasındakı fərqdir: “Xarici ticarətdə müsbət saldonun olması, həmçinin, ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımından önəmlidir. Xarici ticarətdə müsbət saldo o deməkdir ki, ölkəyə daxil olan valyutanın həcmi ölkədən çıxan valyutanın həcmindən çoxdur”.
Onun sözlərinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosunun 59 faizə çatması iqtisadiyyat üçün müsbət haldır: “Müsbət saldonun yüksəlməsi ilə milli valyutaya olan təzyiq aradan qalxır. Həmçinin, milli valyutanın məzənnəsinin formalaşmasına da təsir edir. Xarici ticarətdə müsbət saldonun olması manata müsbət gələcək vəd edir. Azərbaycan iqtisadiyyatı fəaliyyətini bu sahədə davam etdirsə, makroiqtisadi səviyyədə tarazlıq tamamilə bərpa olunacaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, xarici ticarətdə müsbət saldonun olması makroiqtisadi sabitliyin qorunub saxlanmasında vacib amildir. Eyni zamanda, xarici ticarətdə müsbət saldonun artması ixrac potensialının artmasının göstəricisidir. Bu, hərtərəfli müsbət haldır.
Günel CƏLİLOVA