Azər Allahverənov: “Azərbaycan Cənubi Qafqaz regionunda yükdaşımalarda xab funksiyasını yerinə yetirir”
Brüsseldə hesab edirlər ki, "Şərq Tərəfdaşlığı" ölkələri arasında və bu ölkələrlə Avropa İttifaqı dövlətləri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi iqtisadi artıma və iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.
"Deutsche Welle"nin verdiyi məlumata görə, Avropa Komissiyası və Dünya Bankı "Şərq Tərəfdaşlığı" ölkələrində - Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Belarus və Ermənistanda infrastrukturun inkişafı üzrə plan hazırlayıblar. Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib ki, bu planın həyata keçirilməsi üçün təxminən 13 milyard avro tələb olunacaq. Bu vəsait 4800 kilometr avtomobil və dəmir yollarının, həmçinin, bir sıra limanların, aeroportların, logistika mərkəzlərinin və sərhəd məntəqələrinin tikintisinə və təmirinə yönəldiləcək.
Bəzi layihələri 2020-ci ilə qədər, digərlərini isə 2030-cu ilə qədər reallaşdırmaq nəzərdə tutulur.
Nəqliyyat məsələləri üzrə Avropa komissarı Violetta Bulk bildirib ki, nəqliyyat əlaqələrinin güclənməsi iqtisadi artıma müsbət təsir edəcək: “Şərq Tərəfdaşlığı” regionu daxilində və "Şərq Tərəfdaşlığı" ölkələri ilə Aİ ölkələri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi iqtisadi artıma və iş yerlərinin yaradılmasına gətirib çıxaracaq”.
O da məlumdur ki, "Şərq Tərəfdaşlığı" ölkələri ilə Avropa İttifaqı arasında iqtisadi-ticarət sahəsində əlaqələr get-gedə genişlənir. Bu əlaqələrin daha geniş müstəvidə qurulmasında müasir nəqliyyat infrastrukturunun yaradılması vacib əhəmiyyət kəsb edir. Bu məsələdə Azərbaycanın rolu və verdiyi töhfələr böyükdür. Ən azından, “Şərq-Qərb” nəqliyyat dəhlizi çərçivəsində görülən işlər deyilənlərə əyani sübutdur. Bütün bunlarla yanaşı, Avropa Komissiyası və Dünya Bankının "Şərq Tərəfdaşlığı" ölkələrində infrastrukturun inkişafına dair hazırladıqları planın perspektivini ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni Bakı-Xəbər”ə şərh edən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, bu sahəyə sərmayə qoyulması perspektivlidir: “Ən azından ona görə ki, "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələr, faktiki olaraq, bu minvalla nəqliyyat infrastrukturunu daha da inkişaf etdirəcəklər. Burada söhbət əsasən Azərbaycan və Gürcüstandan gedir. Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı ciddi mesajlar dünyaya verilir. Nəticə etibarilə bu mesajların böyük bir qismi məhz Azərbaycana aiddir. Çünki Azərbaycan Cənubi Qafqaz regionunda yükdaşımalarda xab funksiyasını yerinə yetirir. Digər tərəfdən, bir çox iri transmilli logistik layihələrin Azərbaycan üzərindən keçməsi də bəlli bir məsələdir. Dünyanın inkişaf etmiş ölkələri tərəfindən bu, yüksək nailiyyət kimi dəyərləndirilir. Təbii ki, bu kimi məsələlərdə Azərbaycan həmişə yeni təşəbbüsləri dəstəkləyir və bu sahənin daha da inkişafında maraqlı olduğunu göstərir. Bununla bağlı real nəticələr də var. Aydın məsələdir ki, bunu görən Dünya Bankı və digər iri transmilli maliyyə mərkəzləri nəqliyyat sahəsinin daha dividendli olduğunu qəbul edirlər. O zaman sərmayə yatırmaqda maraqlı olurlar. Siyasi nöqteyi-nəzərdən bunu müxtəlif proqramlar çərçivəsində edirlər. Söhbət "Şərq Tərəfdaşlığı" proqramına daxil olan 6 ölkədən getsə də, fikrimcə, iki kontekstdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məsələsi ola bilər. Birincisi, bu, transmilli yükdaşımalarda və logistik təchizat məsələlərində iştirak edən ölkələrə daha çox şamil olunacaq. Bu da bilavasitə Azərbaycanla bağlı olan məsələdir. Azərbaycanla Gürcüstan Xəzər dənizi ilə Qara dənizi əlaqələndirən başlıca coğrafi ərazidir. Daha sonra proqramda iştirak edən digər ölkələrlə Mərkəzi və Qərbi Avropaya çıxış təmin ediləcək. Hesab edirəm ki, nəqliyyat infrastrukturuna qoyulan sərmayə iqtisadi inkişafa əlavə təkan verəcək. Proqramın dividendli olacağını görən Dünya Bankı mənfəətli yatırım etmək istəyir. Burada həm risq azdır, həm də "Şərq Tərəfdaşlığı" ölkələrinin potensialı artacaq”.
Vidadi ORDAHALLI