Könül Nuriyeva: “Xaricdən maliyyənin cəlb olunması tək mikromaliyyə səviyyəsində deyil, eyni zamanda, makromaliyyə üçün də əhəmiyyətlidir”
Xəbər verildiyi kimi, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır. Bunu AMFA-nın icraçı direktoru Jalə Hacıyeva media nümayəndələrinə açıqlamasında qeyd edib.
Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, mikrokredit təşkilatlarının təkrar maliyyələşdirilməsi xarici yox, yerli valyutada aparılsın: "Ona görə də xarici vəsaitlərin Azərbaycana daxil olması məqsədəuyğundur".
Azərbaycan mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorların bu sahəyə maraq göstərməsinin əhəmiyyəti barədə danışan xanım iqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə iqtisadiyyatının inkişafı istiqamətində çoxsaylı sərəncam imzalanır, layihələr həyata keçirilir: “İqtisadiyyatın inkişafı istiqamətində görülən işlərdən biri də xarici investisiyaları stimullaşdırmaqdır. Danılmaz faktdır ki, bu sahədə müəyyən işlər həyata keçirilir.
Bəllidir ki, iqtisadiyyata yatırım etmək üçün xarici investorlara nisbətən yerliləri cəlb etmək daha rahatdır. Ancaq bununla xarici valyutanın ölkəyə daxil olması vacibdir. İnvestisiya mühitinin yaxşılaşması istiqamətində dövlət tərəfindən mütəmadi olaraq müəyyən işlər görülür”.
K.Nuriyevanın sözlərinə görə, Azərbaycana xarici investorların maraq göstərməsi, ölkə iqtisadiyyatına yatırım etməsi ölkə üçün müsbət haldır. Xaricdən maliyyənin cəlb olunması tək mikromaliyyə səviyyəsində deyil, eyni zamanda, makromaliyyə üçün də əhəmiyyətlidir. Xarici investisiyanın mikromaliyyə və makromaliyyə bazarına vəsait yatırması ölkə iqtisadiyyatına olan inamla bağlıdır: “Məlumat üçün onu da deyim ki, investorların fəaliyyətinə dair beynəlxalq təşkilatlarda Azərbaycan etibarlı ölkə kimi hesab olunur. Bu sahəni araşdıran hesabatlarda Azərbaycan irəliləyərək 38-ci yerdə qərarlaşıb. Bu onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici məkandır.
Mikromaliyyə bazarına vəsait yatırmaq üçün xarici investorlarla müzakirələrin aparılması vacibdir. Nəzərə almaq lazımdır ki, mikro və makromaliyyə bazarına valyutanın daxil olması ölkə üçün əhəmiyyətlidir”.
Günel CƏLİLOVA