"Ötən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər”.
Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı qeyd edib ki, turizm sahəsində bundan sonra da böyük layihələr həyata keçiriləcək.
Ötən il ölkəmizə səfər edən xarici vətəndaşların 2 milyard dəyərində vəsait xərcləməsi ölkə iqtisadiyyatına müsbət təsir edib. İqtisadçı ekspet Fuad İbrahimli baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, ötən illərlə müqayisədə 2018-ci ildə Azərbaycana çoxlu sayda turist gəlib. Ölkəmizə gələn turistlərin il ərzində 2 milyard pul xərcləməsi böyük rəqəmdir: “Turistlər tərəfindən xərclənən vəsait xidmət sahəsinin müxtəlif sahələrində istifadə olunub. Xarici vətəndaşlar əsasən, hotellərdə, iaşə obyektlərində, əyləncə, ticarət mərkəzlərində və digər məkanlarda pul xərcləyir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycana məxsus aqrar məhsullarla tanış olan əcnəbilər də bu sektora pul xərcləməkdə maraqlıdırlar.
F.İbrahimli onu da vurğuladı ki, turistlər tərəfindən bank kartları ilə aparılan əməliyyatların həcmi də artıb: “Bu gün yüksək keyfiyyətli əməliyyatlar baş verir ki, xarici turistlər daha çox bank kartları ilə alış-veriş etməyə üstünlük verirlər. Xidmətlərin avtomatlaşdırılması, POS-terminalların qurulması və digər əməliyyatların sadələşdirilməsi statistikaya təsir edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda turistlərə göstərilən xidmət keyfiyyətinin inkişaf etməsi, onlara qayğının artması turist axınına səbəb olur”.
İqtisadçı qeyd etdi ki, turizmin inkişafı istiqamətində görülən işlər sayəsində 2019-cu ildə xaricilər tərəfindən ölkəmizdə xərclənəcək vəsaitin həcmi daha da artacaq.
Günel CƏLİLOVA